Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonağı salamlayan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ƏƏSMN ilə BMT İnkişaf Proqramının birgə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində yaradılan bu mərkəzdə məşğələlər maksimum 4 ay davam edir.
Hər həftənin 5 günü keçirilən məşğələlərdə iştirakçılar SYSLAB təlimləri əsasında müasir işaxtarma üsullarına yiyələnir və tezliklə iş tapmağa nail olurlar. Layihə üzrə müxtəlif işədüzəltmə agentlikləri, özəl və dövlət müəssisələri ilə də əlaqələr qurulur, ekspertlər məşğələlərə dəvət olunaraq onların iştirakçılarla görüşləri keçirilir. Layihə müddətində iştirakçıların məşğulluq orqanları tərəfindən təşkil edilən əmək yarmarkalarında, habelə beynəlxalq təşkilatların təşkil etdikləri Təhsil və Karyera sərgilərində iştirakı da təmin edilir.
S.Müslümov ölkə əhalisinin səmərəli məşğulluğunun təminatının Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasında mühüm yer tutduğunu vurğulayıb: “2003-cü ildən bəri icra olunan mühüm dövlət proqramları nəticəsində ölkəmizdə 1,3 milyon yeni iş yeri yaradılıb. Əhalinin məşğulluq imkanlarının artırılması işsizliyin 5 faizə enməsinə səbəb olub. Məşğulluq səviyyəsinin yüksəlməsi, eləcə də məqsədyönlü sosial proqramlar yoxsulluğun qeyd olunan dövrdə 5,3 faizə enməsi ilə nəticələnib”.
Nazir bildirib ki, sürətli müasirləşmə dövrünü yaşayan ölkəmizdə işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsində qabaqcıl təcrübədən irəli gələn innovativ yanaşmaların tətbiqi diqqətdə saxlanılır: “ƏƏSMN ilə BMT İnkişaf Proqramının birgə layihəsi olan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi bunun bir ifadəsidir. Norveç SYSLAB şirkətinin və BMT İnkişaf Proqramının maliyyə dəstəyi ilə fəaliyyətə başlayan bu layihə üzrə 2011-ci ildə Bakıda, 2013-cü ildə Sumqayıtda, bu il isə Gəncədə SYSLAB Təlim Tədris Mərkəzləri yaradılıb. Bu mərkəzlər işsiz və işaxtaran vətəndaşların innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının təkmilləşməsinə, onların əmək bazarına inteqrasiyasına öz töhfəsini verir”.
S.Müslümov deyib ki, bu mərkəzlərdə 376 işsiz və işaxtaran şəxs motivasiya, təqdimatlar keçirmək bacarıqları, komanda işi, fərdi bacarıqların təhlili, telefon danışığı texnikası, CV və rezume yazılışı, müsahibə bacarıqları üzrə təlimlərdən bəhrələnib. Artıq onların 298 nəfəri və ya 80%-i yeni qazandıqları bacarıqlardan istifadə edərək müxtəlif dövlət qurumlarında, özəl müəssisələrdə iş tapıblar: “Hesab edirəm ki, əldə olunan müsbət nəticələr cari ilin sonunda yekunlaşması nəzərdə tutulan bu layihənin gələcəkdə də davam etdirilməsinə əsas yaradır”.
Xanım H.E.Klark ƏƏSMN ilə birgə əməkdaşlığın arzuolunan nəticələr verdiyini vurğulayıb, iş bacarıqlarını bu və ya digər fəaliyyət sahəsində reallaşdırmaq, əmək bazarına daxil ola bilmək və karyera imkanları əldə etmək üçün bu layihənin yaxşı imkanlar açdığını diqqətə çatdırıb.
H.Klark bu istiqamətdə işlərin davam etdirilməsinin və SYSLAB şəbəkəsinin daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib.