Qurban bayramı dünyanın bir çox ölkələrində qeyd edilir. Bu, müsəlmanların ən müqəddəs iki bayramından biridir.
Əsasında Allaha sevgi və onun qüdrətinə inam olan bu bayramda müsəlmanlar qoyun, qoç, inək, dana və ya dəvəni qurban kəsir. Kəsilən heyvanın əti kasıblara paylanır.
Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Qurban bayramı İslam aləmində ən böyük əhəmiyyət kəsb edən mərasimlərdən biridir. Çünki bu bayram günlərində Məkkəni ziyarət edib orada qurban kəsən müsəlmanlar Hacı adını qazanmış sayılır.
Qurbanın bir çox ritualları və şərtləri var. Belə ki, bayram günü ilk olaraq səhər saatlarında bayram namazı qılınır.
Qurban kəsmək buna imkanı çatan hər müsəlmana vacib buyrulub. Amma qurbanlıq üçün seçilən heyvanın və onun kəsilmə qaydasının bir sıra şərtləri var. Belə ki, qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur.
Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır.
Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.
Bəzən bir neçə adam birləşib inəyi, yaxud da dəvəni qurban kəsir ki, bunun da şərtləri var. Belə ki, kəsilən heyvan elə bölüşdürülməlidir ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil.
Bayramın tarixinə gəlincə isə, qruban kəsmə mərasiminin İslamdan da əvvəl mövcud olduğu, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. üçün icra edildiyi deyilir.
Xatırladaq ki, dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır.
Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Bayramın Azərbaycanda qeyd olunması tarixi isə 1992-ci ilə təsadüf edir. Müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı dövlət səviyyəsində bayram kimi qeyd edilir.