Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində deyib. O qeyd edib ki, gələcəkdə paytaxtda sərnişindaşımada əsas nəqliyyat vasitələrindən biri tramvay olacaq. Bu, ekoloji cəhətdən olduqca vacibdir. Xüsusən bulvar ətrafında ekoloji standartlara uyğun olmayan nəqliyyat vasitələrinin hərəkətinin qarşısı alınmalıdır. Bu baxımdan bulvarboyu tramvay xəttinin çəkilməsi daha mühüm addım olardı.
Gələcəkdə su nəqliyyatından da geniş istifadə olunacağını söyləyən C.Qocayev deyib: “Bildiyimiz kimi, Pirallahı rayonu adalardan ibarətdir. Eyni zamanda, Xəzər İslands adaları inşa olunur. Təbii ki, bu kimi yerlərdə su taksilərinin fəaliyyətindən geniş istifadə etmək daha əlverişlidir. Zamanı qabaqlamaq istəməsəm də, vaxt gələcək Bakıda günəş batareyaları ilə işləyən nəqliyyat vasitələrini də görəcəyik. Qaradağa, Sumqayıta və digər istiqamətlərə elektrik qatarlarının işləməsi də aktual məsələlər sırasındadır. Bunlar təkcə bizim istəyimiz deyil, zamanın tələbidir”.