Məsələ ilə bağlı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu gün brifinqdə çıxış edib. Onun sözlərinə görə, ilkn olaraq dənizi iki zonaya dövlət suverenliyi və balıq tutma zonalarına bölmək barədə razılığa gəlinib. Cəm halında onlar sahildən 25 dəniz mili məsafəyə qədər uzanacaq. Bundan başqa, Xəzər beşliyi (Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan) bölgəyə NATO qüvvələrinin buraxılmaması barədə anlaşıblar. Sammitin siyasi bəyanatı layihəsində bu, “regiondan olmayan dövlətlərin silahlı qüvvələrinin Xəzərdə mövcudluğuna yol verməmək” kimi göstərilib.
“Bu məsələ üzrə çətin məsləhətləşmələr keçirildi, amma tərəflər prinsipcə razılaşdı”, - deyə Uşakov vurğulayıb. Uşakov bildirib ki, əgər Həştərxanda danışıqlar uğurlu getsə, Qazaxıstanda keçiriləcək sammitdə yekun sənəd imzalanacaq.
Xəzərin dibinin bölünməsi üzrə də danışıqların başa çatacağı güman edilir. Hələ ki, Xəzərdə yalnız Rusiyanın sektoru dəqiq müəyyən edilib, Azərbaycan, Qazaxıstan və Türkmənistan bu mövqeni dəstəkləyir, amma İranın mövqeyi fərqlidir.
2002-ci ildə Rusiyanın təklif etdiyi orta xətt prinsipinə görə, Rusiyaya dənizin dibinin 20%-i, Azərbaycana 21%-i, Qazaxıstana 29,5%-i, Türkmənistana 17%-i, İrana isə 12,5%-i düşürdü. Bu variant SSRİ - İran danışıqlarına əsaslınır. Lakin İran bu variantla razılaşmırdı və dənizi bərabər paylara bölməyi təklif edirdi. Amma indi görünür mövqelərdə yaxınlaşma əldə edilib.