O, həmçinin Azərbaycanda elektron hökumət konsepsiyasının tətbiqi sahəsində səmərəli IT həllər və xidmətlərin göstərilməsi istiqamətində rəhbəri olduğu şirkətin təcrübəsi haqqında məlumat verib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın bu nadir layihəsinə həsr edilmiş təqdimat konfrans iştirakçılarının böyük marağına səbəb olub. Konfransda bir sıra iştirakçı ölkələrin nümayəndələri ilə Azərbaycanın “Asan imza” mobil elektron imza texnologiyasının tətbiqi istiqamətində danışıqların başlanmasına dair razılıq əldə olunub.
Y.Krimpe çıxışında vurğulayıb ki, “Asan imza” xidmətinin ilkin olaraq dövlət xidmətləri üçün nəzərdə tutulmasına baxmayaraq, bu xidmət özəl sektor üçün də geniş imkanlar təqdim edir.
İki gün davam edən konfransın sonunda tədbir iştirakçıları üçün Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzinə tanışlıq turu təşkil edilib.
Qeyd edək ki, “B.EST Solutions” şirkətinin Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yaratdığı “Asan imza” (Mobil İmza) platforması elektron xidmətlərə daxil olarkən rəqəmsal imzalar edən vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyini təsdiqləyən mobil identifikasiya və imzalama sistemidir.