Daxil olan məlumata görə, məktəb lisey kompleksinin açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, məktəbin müəllim və tələbə kontingenti iştirak edib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva tədbiri giriş sözü ilə açıq elan edib və bildirib ki, son 3 ildə Gəncə şəhərində 30 məktəb əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hər bir məktəb binası yeni avadanlıq və inventarla təhciz olunub.
Açılış mərasimində çıxış edən məktəbin direktoru Valeh Rüstəmov bildirib ki, kompleksdə hazırda 960 nəfər şagirdin təlim-tərbiyəsi ilə 100 nəfər müəllim və 12 nəfər koməkçi pedaqoji heyət məşğul olur.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vurğulayıb ki, dövlət proqramına uyğun olaraq 2015-ci ilin sonuna kimi Gəncədə bütün məktəblər əsaslı şəkildə qurularaq yenidən istifadəyə veriləcək. Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev daha sonra qeyd edib ki, hazırda Gəncənin bir neçə məktəblərində əsaslı təmir işləri aparılır.
Dövlət Proqramına uyğun olaraq 4 nömrəli məktəb üçün 1000 yerlik, 39 nömrəli məktəb üçün 1.200 yerlik yeni tədris korpusunda inşaat işləri davam edir. 40 nömrəli məktəbin binası isə yeni görkəmə salınır.