Daxil olan məlumata görə, Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə artıq zəruri addımlar atılıb.
Sentyabrın 20-dən Səyyar ASAN xidmət Hacıqabul rayonunda sakinlərə xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçiriləcək.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- notariat fəaliyyəti;
- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda nəzərdə tutulan bütün xidmətlər;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
- torpaq sahəsinin plan-ölçüsü, bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin yerquruluşu planları, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərlə bağlı arayışların verilməsi və digər torpaq kadastrı xidmətləri;
- müvafiq ərazi üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin icarəyə verilməsinə razılıq verilməsi;
- müvafiq ərazi üzrə dövlət mülkiyyətində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin istifadəyə və icarəyə verilməsi;
- müvafiq ərazi üzrə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə əlaqədar sənədlərin qəbulu və təqdim edilməsi.