Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, Bakı metrosunda bəzən sərnişinlərin gediş kartlarına gediş haqlarının yüklənməsi zamanı müəyyən problemlər yaranır: “Hər bir sahədə olduğu kimi, burada da nasazlıq ola bilər.
Sadəcə bunu aydınlaşdırmaq və problemi həll etmək yolları var. Əgər metronun stansiyalarında quraşdırılmış ödəmə aparatlarında pulu daxil edib gediş kartına lazım olan məbləği yükləyərkən problem yaranırsa, oradakı nəzarətçiyə müraciət etmək lazımdır.
Elə kartlar var ki, ona baxılır və problem yerindəcə həll edilir. Yəni vətəndaşın aparata daxil etdiyi məbləğ onun əlindəki çekə əsasən nəzarətçi tərəfindən gediş kartına yüklənir. Problemin yerindəcə müəyyən edilməsi mümkün olmadıqda sərnişin məsələni araşdırmaq üçün “28 May” stansiyasındakı kart analizi mərkəzinə müraciət etməlidir. Əgər həqiqətən də sərnişinin pulu karta yüklənməyibsə, həmin məbləği kartda bərpa edirlər. İndiyədək həmin mərkəzə müraciət edən haqlı sərnişinlərdən heç biri haqsız hala düşməyib. Həmin mərkəz səhər saat 06:00-dan gecə saat 24:00-dək fəaliyyət göstərir”.
Metropoliten sözçüsü qeyd edib ki, əgər vətəndaş pulu aparata daxil edibsə, lakin məbləğ yüklənməyibsə, o zaman nəzarətçilər tərəfindən əlindəki çekə əsasən həmin şəxsin turniketdən keçməsinə, qatara minməsinə və lazım olan mərkəzə gedib problemini həll etməsinə şərait yaradılır: “Əlbəttə ki, belə hallar da ola bilər. Çünki ola bilər ki, həmin vətəndaşın aparata daxil etdiyi məbləğ onun cibindəki son pulu olsun. Ona görə də belə şəxslərə bu imkan yaradılır”.
N.Paşayev həmçinin deyib ki, Bakı Metropolitenindəki ödəmə aparatlarının tamamilə yenilənməsi nəzərdə tutulur. Hazırda bununla bağlı müvafiq strukturlarla danışıqlar aparılır.
Şöbə rəisi gediş kartlarının qaytarılması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, istənilən rənişin əlindəki gediş kartını qaytara bilər: “Sərnişin Bakı Metropoliteninin əlində olan gediş kartını səhər saat 6:00-dan gecə saat 24:00-dək nəzarətçiyə qaytarıb həm karta yüklənmiş məbləği, həm də ilk dəfə kartı aldığı zaman ödədiyi 2 manatı geri ala bilər”.
N.Paşayev bununla bağlı bəzən nəzarətçilərin öz işinə məsuliyyətsiz və laqeyd yanaşdığını da etiraf edib: “Bəzən belə hallar da olur. Lakin belə işçilər aşkar edildiyi təqdirdə onlar işdən azad edilirlər. Artıq təcrübədə bir neçə dəfə belə halla rastlaşmışıq. Bakı Metropoliteni belə hallara qarşı ciddi mübarizə aparır. Lakin bununla bağlı ilk növbədə bizə müraciət olunmalıdır ki, belə şəxsləri müəyyən edə bilək. Bizim borcumuz ilk növbədə sərnişinlərə xidmət göstərməkdir”.