GPEN (Global Privacy Enforcement Network) məxfilik siyasəti təşkilatının ekspertləri 1211 müxtəlif mobil əlavənin təhlilini aparıblar.
Tədqiqat zamanı müəyyən edilib ki, əlavələrin üçdə bir hissəsində məxfilik siyasəti haqqında informasiyanın olmaması ilə yanaşı, fərdi məlumatlara çıxış üçün çoxlu icazələr də alınıb. Eyni zamanda analiz edilən mobil əlavələrin 43 faizində məxfilik siyasəti haqqında informasiya smartfon ekranları üçün uyğun olmayan şəkildə təqdim edilib.
SRD Wireless şirkətinin icraçı direktoru Anders Çenqin sözlərinə görə, əlavələr çox olanda, istifadəçi fərdi məlumatları lazım olandan daha çox verməli olur. Bundan başqa, mobil əlavələr bu informasiyanı digər qurğularla mübadilə etməyə imkan verir ki, bu da istifadəçilərin məxfi məlumatlarının təhlükəsizliyi üçün potensial təhlükə törədir.
A.Çenq əlavə edib ki, operatorlar və mobil əlavə tərtibatçıları haker hücumlarının və ya müdaxilələrin qurbanı ola bilər ki, bunun da nəticəsində milyonlarla insanın fərdi məlumatları cinayətkarların əlinə keçə bilər. Mütəxəssis istifadəçilərə minimum informasiyanı təmin edən mobil əlavələri quraşdırmağı tövsiyə edir.