Azərbaycan Boks Federasiyasından bildirilib ki, yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan komandaları mübarizə aparıblar. Seçmə komandamız turniri 3 qızıl və 2 bürünc medalla başa vurub. 49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə finalda Rusiyanı təmsil edən erməni əsilli Yeprem Qriqoryanı məğlub edərək 1-ci yerə layiq görülüb.
Azərbaycan çempionatının mükafatçısı İbrahim İbrahimov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz həlledici görüşdə Qırğızıstan idmançısı Kanatbek Abduvahabovu üstələyib.
Gənclər arasında dünya birinciliyinin mükafatçısı Pərviz Bağırov da (69 kq) məşqçilərin etimadını doğruldub. Həmyerlimiz finalda Omsk boksçusu Arman Kurmanalinov üzərində qələbə qazanıb.
Digər boksçularımızdan Tural Əhmədov (56 kq) və İman Əhmədli (64 kq) 3-cü yerlə kifayətləniblər. Komandamızdan yalnız Elvin İsayev (60 kq) mükafatçılar sırasına düşə bilməyib.
Bundan başqa, Rusiyanın Kaspiysk şəhərində Dağıstanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub. Yarışda 12 ölkənin 109 boksçusu iştirak edib. "Baku Fires" klubunun boksçularından Soltan Migitinov (81 kq) və Omar Omarov (91 kq) turniri 3-cü yerdə başa vurublar.
London olimpiadasının iştirakçısı S.Migitinov ilk döyüşdə rusiyalı Hacımurad Xasanova 2-ci raundda texniki nokautla qalib gəlsə də, yarımfinalda Məhəmmədmurad Arslanbekova uduzub. Qeyd edək kİ, milli komandamızın boksçusunun məğlubiyyətində hakimlərin də "rolu" olub. S.Migitinov bir dəfə rəqibini noqdauna salsa da, hakimlər 2 dəfə boksçumuza xəbərdarlıq verməklə sonda yerli idmançının qələbəsini təmin ediblər.
O.Omarov isə ilk görüşdə rusiyalı Abdulla Abdullayevi məğlub etsə də, yarımfinalda Vadim Lixmana uduzub. Dünya və Avropa çempionu Albert Səlimov da ilk dəfə Azərbaycan bayrağı altında beynəlxalq turnirdə iştirak edib. "Baku Fires" klubunun baş məşqçisi Nuripaşa Talibovun sozlərinə görə, A.Səlimovun ilk qarşılaşmada məğlubiyyəti üçün hakimlər əlindən gələni ediblər.
Qeyd edək ki, Fərid Əliyev (49 kq), Albert Səlimov (60 kq), Cavadxan Sultanov (64 kq), Fərid İsmayılov, Kamil Əhmədov (hər ikisi 69 kq), Elvin Məmmədov (75 kq) və Musa Abdullayev (81 kq) yarışı mükafatsız başa vurublar.