Açılış mərasimində çıxış edən baş nazirin müavini Abid Şərifov Azərbaycanda həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının prioritet məqsədlərindən danışıb, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq 38 şəhər və rayon mərkəzlərində su və kanalizasiya layihələrinin icra edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu işin icrası üçün beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq yüksək səmərə verib.
Abid Şərifov daha sonra deyib ki, Azərbaycan Hökuməti 1994-cü ildən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu müddət ərzində bank tərəfindən müxtəlif layihələrə 600 milyondan çox kredit ayrılıb. Bu vəsait iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kommunal infrastruktura yönəldilib. Hazırda 250 milyon avro məbləğində əlavə kreditin ayrılması üzrə danışıqlar davam etdirilir.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Göygöl-Gəncə magistral su kəmərinin istifadəyə verilməsini Gəncənin həyatında əlamətdar hadisə adlandırıb. O qeyd edib ki, uzun illər su problemi ilə üzləşən şəhər əhalisinin arzusu dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində gerçəkləşib. Göygöl-Gəncə magistral su kəməri inşa olunub, bu da şəhərə saniyədə 200 kubmetr suyun daxil olması deməkdir. Yaxın zamanlarda isə Qızılqaya və Şəmkir dəryaçasından saniyədə 1300 kubmetr suyun daxil olması üçün tədbirlər görülür.