Azərbaycanda yaxın vaxtlarda tətbiq olunacağı gözlənilən icbari tibb sığortanın şərtləri təqribən də olsa müəyyənləşib. İlkin şərtlərə görə, əmək qabiliyyətli hər bir vətəndaş icbari tibbi sığorta fonduna ayda orta hesabla 5-10 manat, işə götürənlər isə hər işçiyə görə 10-12 manat ödəyəcəklər. Əhalinin bir hissəsi isə icbari tibbi sığorta haqqı ödəməkdən azad olacaqlar.
İcbari tibbi sığorta 3 mənbədən maliyyələşəcək
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyələşmə mənbələri dəqiqləşib. Fins.az-ın məlumatına görə, bu barədə baş nazirin müavini Əli Əhmədov rəsmi mətbuata müsahibəsində məlumat verib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi üçün eyni adlı fond yaradılacaq - İcbari Tibbi Sığorta fondu. Bura vəsaitlər 3 mənbədən daxil olacaq: dövlət büdcəsindən, işəgötürənlərdən və işləyən vətəndaşlardan.
Pulun əsas hissəsini dövlət büdcəsi ödəyəcək
Baş nazirin müavini bildirib ki, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı əsasən büdcənin üzərinə düşəcək: "Maliyyələşmənin əsas ağırlığı büdcənin üzərinə düşəcək. Başqa sözlə, bu gün səhiyyəyə ayrılan büdcə vəsaitinin müvafiq hissəsi icbari tibbi sığorta fonduna istiqamətlənəcək".
Şirkətlər maaşın 2-2,5%-i qədər ödəniş edəcəklər
İşəgötürənlərin, yəni şirkətlərin bu prosesə pul ayırmasının vacibliyinə gəlincə, Ə.Əhmədov bildirib ki, işçinin xəstələnməsi və işə çıxmaması müəssisəyə onun müalicəsindən daha baha başa gəlir və bu vəziyyətdə ən yaxşı üsul mütəşəkkil formada icbari tibbi sığortadır. Baş nazirin müavininin dediklərindən aydın olur ki, işə götürənlər icbari sığortaya əmək haqqının 2-2,5%-i qədər ödəniş etməli olacaqlar: "Hesab edirəm ki, işəgötürənlər əməkhaqqının 2 - 2,5 faizi miqdarında icbari tibbi sığorta ödəmələrini həyata keçirməklə işçilərinin sağlamlığına və dolayısı ilə öz müəssisəsinin daha çox itkilərdən qorunmasına nail olunduğuna anlaşma ilə yanaşacaqlar".
Hazırda Azərbaycanda orta aylıq əmək haqqının 441 manat olduğunu nəzərə alsaq, işə götürənlər hər işçiyə görə, icbari tibbi sığorta fonduna orta hesabla 10-12 manat ödəyəcəklər.
Adi vətəndaşlar ayda 5-10 manat ödəyəcəklər
İcbari tibbi sığrtanın maliyyələşməsi üçün 3-cü mənbə vətəndaşların bu fonda ödəmələri olacaq. Əli Əhmədov bildirib ki, əgər dövlət vətəndaşın sağlamlığının qorunması üçün böyük vəsaitlər xərcləyirsə, imkanı olan vətəndaşlar da icbari sığorta ödəmələrindən boyun qaçırmamalıdırlar: "Hər kəs, cüzi də olsa, icbari tibbi sığorta ödəmələrində iştirak etməyə hazır olmalıdır. Etiraf edək ki, əməkhaqqının 1-2 faizinin icbari tibbi sığorta fonduna köçürülməsi ailə büdcəsinə elə də böyük yük olmaz".
Hazırda Azərbaycanda orta aylıq əmək haqqının 441 manat olduğunu nəzərə alsaq, vətəndaşlar icbari tibbi sığorta fonduna orta hesabla 5-10 manat ödəyəcəklər.
Əli Əhmədovun sözlərinə görə, icbari tibbi sığortaya pul ödəməklə insanlar həm özlərinin, həm də ailəsinin daha etibarlı tibbi xidmətlər almasını təmin etmiş olacaqlar: "Bunu cavan da, yaşlı da dərk etmək zorundadır".
3-3,5 milyon nəfər icbari sığorta haqqı ödəməyəcək
Baş nazirin müavini bildirib ki, əhalinin bir hissəsi icbari sığorta fonduna ödəmələrdən azad olacaq: "Uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir".
Əmək qabiliyyəti olanlar isə bu vəsaiti ödəməli olacaqlar: "Əgər cavan bir insan illərlə həkimə müraciət etmirsə, bu onu icbari sığorta ödəməsindən boyun qaçırmağa sövq etməməlidir. O, bu gün daha çox müalicəyə ehtiyacı olan insanlara yardım edir ki, özü yaşlananda icbari sığortadan istifadə etməyə mənəvi haqqı çatsın".