Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman növü üzrə yarışda 21 qurumdan 21 komanda olmaqla 96 kişi və 5 qadın əməkdaş idmançının iştirak etdiyini bildirib. Vurğulayıb ki, üç gün davam edən yarışda komandaların mübarizəsi ilə yanaşı, 15 nəfər iştirakçı şəxsi birincilik üzrə öz bacarığını nümayiş etdirib.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının aviasiya təhlükəsizliyi kafedrasının baş müəllimi Nizami Mursakulovun baş hakimliyi ilə yarış iki mərhələdə, qısa və uzun məsafədə keçirilib. İştirakçılar əvvəlcə onlara ayrılan 2 saat vaxt ərzində kompas və xəritədən istifadə etməklə 3-4 kilometr məsafədə yerləşən 6 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparıblar. Sonra isə onların iştirakı ilə 3 saat ərzində 6-8 kilometr məsafədə yerləşən 10-12 nəzarət məntəqəsinin tapılması uğrunda yarış keçirilib.
Çempionatda FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin komandası birinci yeri, nazirliyin Sumqayıt və Muğan regional mərkəzləri isə müvafiq olaraq II-III yerləri tutublar. Şəxsi yarışlarda isə kişilər arasında Zahir Bağırov ( FHN-in Sumqayıt Regional Mərkəzi) birinci, Müvəssil Allahverdiyev (Dövlət Sularda Xilasetmə Xidməti) ikinci, Vüqar Babayev (Dövlət Sularda Xilasetmə Xidməti) üçüncü yerləri tutublar.
Qadınların yarışında isə Gülnarə Mərdanova (FHN-in Şimal Regional Mərkəzi) birinci, Arzu Eyvazova (Xüsusi Riskli Xilasetmə Xidməti) ikinci, Rəqsanə Əyyubova (Sumqayıt Regional Mərkəzi) üçüncü yerlərə sahib olublar.
Sonda FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev qalibləri təbrik edərək onlara medal, diplom və qiymətli hədiyyələr təqdim edir.