Bu sözləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İsveçin XİN rəhbəri ilə bağlı “Aftonbladet” qəzetində dərc olunan xəbərə Tvitter hesabında münasibət bildirərək deyib:
““Aftonbladet” qəzetinin yazdıqlarından məlum olur ki, tənqidə məruz qalmamaq üçün K.Bildtlə “xüsusi əlaqələr” qurmaq lazımdır. Daha doğrusu, onunla əlaqəsi olan PR şirkətlə “xüsusi əlaqə” yaratmaq lazım idi”. Məlumat üçün deyək ki, “Aftonbladet” qəzetinin İsveçin xarici işlər naziri Karl Bildtlə bağlı dərc etdiyi məlumat ölkədə əsl şok effekti yaradıb. Qəzet XİN rəhbərini korrupsiyada və Saakaşvili hökumətinə lobbiçilikdə ittiham edib. Jurnalistlər əmin edirlər ki, onlarda Mixail Saakaşvilinin Avropada imicinin yaxşılaşdırılması məqsədilə cənab Bildtlə əlaqəsi olan PR şirkətinin Gürcüstanın keçmiş hökumətindən 3 milyon dollardan artıq vəsait almasına dair sənədlər var. Gürcüstanın keçmiş Dövlət Dəftərxanası rəhbəri belə bir sazişin olmasını təsdiqləyib, lakin müqavilənin Karl Bildt nazir olmadan öncə bağlandığını bildirib.
İsveç XİN rəhbərinin mətbuat xidmətindən isə bildirilib ki, Karl Bildt artıq piarla məşğul olmur, lakin Saakaşvili ilə dostluq əlaqələrini də inkar etmir: “Gürcüstanla bağlı məsələlərlə Kreabda (red- Karl Bildtin 2004-2006-cı illərdə direktorlar şurasına rəhbərlik etdiyi PR şirkəti) cəmi 3-4 nəfər məşğul olurdu və bütün pullar onlar arasında bölünürdü. Məni təəccübləndirmir ki, niyə Bildt Saakaşvilinin maraqlarını belə müdafiə edirdi və avropalı deputatlar mənimlə söhbət zamanı tez-tez onu “Mişikonun Qərbdə ən yaxşı dostu” adlandırırdılar. Qəzet baş nazir postuna gəldikdən sonra Karl Bildtin PR şirkətindən getdiyini, lakin Saakaşviliyə dəstəyini davam etdirdiyini yazır. Nəşr Saakaşvilinin hakimiyyəti dövründə 11 dəfə Gürcüstana səfər edən baş nazirin prezident seçkilərində çoxsaylı qanun pozuntularına göz yumduğunu, eləcə də hakimiyyət dəyişikliyindən sonra M.Saakaşviliyə qarşı yeni hökumətin açdığı cinayət işində yenə də eks prezidentin yanında olduğunu xatırladır.
Onu da əlavə edək ki, Karl Bildt Azərbaycan hökumətinin ünvanına dəfələrlə sərt bəyanatlar səsləndirib, ölkəni avtoritar rejimlə idarə etməkdə ittiham edib.