Fərman Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi daşıyır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb ki, 2014-cü il sentyabrın 20-dən etibarən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli həyata keçirilməsi üçün fərmanda göstərilən xidmətlərin dövlət və ya bələdiyyə orqanları tərəfindən mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini təşkil etsin. Bu xidmətlərə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı,
notariat fəaliyyəti, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün xidmətlər, torpaq sahəsinin plan-ölçüsü, bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin yerquruluşu planları, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərlə bağlı arayışların verilməsi və digər torpaq kadastrı xidmətləri, müvafiq ərazi üzrə dövlət mülkiyyətində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin istifadəyə və icarəyə verilməsi, müvafiq ərazi üzrə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə əlaqədar sənədlərin qəbulu, təqdim edilməsi və digər xidmətlər daxildir.
Fərmanda əlaqədar nazirliklərə, dövlət komitələrinə, Milli Arxiv İdarəsinə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə müvafiq torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin yerləşdiyi yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və bələdiyyələrə tövsiyə edilib ki, həmin xidmətlərin səyyar formada həyata keçirilməsini təmin etmək üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mobil “ASAN xidmət” nəqliyyat vasitələrində onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki və informasiya resursları ilə təmin etsinlər. Səyyar xidmətə təyin edilən əməkdaşların operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərmələri təmin olunsun.
Fərmana əsasən, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə də müvafiq tapşırıqlar verilib.