Keçmiş direktor Məhiyyədin Əbdürrəhmanovu xəstəxanalıq edib.
Moderator.az-a Kəlbəcər rayonundakı mənbələrdən çox heyrətamiz bir məlumat daxil olub.
Belə ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini icra edən Məhiyyədin Əbdürrəhmanov dünən günorta saat 15 radələrində iş yerinin qarşısında keçmiş məktəb direktoru tərəfindən döyülüb.
Şahidlərin bildirdiyinə görə, əslən rayonun Keştək kəndindən olan Ceyhun Abdullayev bu ilin yazınadək Yevlax rayonunun Salahlı kəndində yerləşən Kəlbəcər orta məktəbində direktor işləsə də rəhbərlik etdiyi təhsil ocağında aparılan yoxlamanın nəticəsi olaraq işindən azad edilib.
Məlumatlara görə, yoxlama zamanı çoxsaylı qanun pozuntuları, maliyyə maxinasiyaları, külli miqdarda yeyinti üzə çıxarılıb və materiallar həm Maliyyə Nazirliyinə, həm də Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.
Bundan qeyzlənən Ceyhun Abdullayev elə o vaxt da təhsil şöbəsinə hücum çəkərək Məhiyyədin Əbdürrəhmanovu döyüb və bu günədək guya rayon polisi onu axtarır. Dünənsə Ceyhun Abdullayev qəflətən armaturla silahlanaraq Məhiyyədin Əbdürrəhmanovun qarşısında peyda olub, əvvəlcə onu təhqir edərək sonra qoluna və başına dəmir parçasıyla zərbələr endirib.
Rayon Təhsil Şöbəsi müdirinin sürücüsü və metodkabinənin müdiri Elçin Şirinovsa araya girib onu sakitləşdirmək istəsə də Ceyhun Abdullayev başının dəstəsiylə hücum çəkərək onların hər üçünü döyüb.
Dərhal da hadisə yerini tərk edən qoçuları tutmaq polisə də müyəssər olmayıb və Məhiyyəddin Əbdürrəhmanov Gəncədəki Teymurov xəstəxanasına yerləşdirilib.
Ekspertiza ona ağır kəllə-beyin travması və qolun sınığı diaqnozunu qoyub.
Olay rayon ictimaiyyətinin narazılığına səbəb olub və insanlar günün günorta çağı aşkar qoçuluq edən şəxslərin sərt şəkildə cəzalandırılması tələbini səsləndiriblər.
O da bildirilir ki, olayın əsas təşkilatçısı Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovdur və yeni şöbə rəisi məhz onun göstərişi əsasında döyülüb...