Komandamızın üzvləri Oleq Piunov və İlya Qrişunin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq Dünya Kubokunda bürünc medal qazanıblar. Görünür, onların sinxron çıxışları yarışda iştirak edən heç kəsi laqeyd qoymayıb.
Hakimlərdən yüksək - 48,600 xal alan batut gimnastlarımız, Kubokun gümüş mükafatçısı Rusiyadan cüzi xalla geri qaldılar. Birinci yeri isə hakimlərdən 50,900 xal alan Çin gimnastları əldə ediblər.
Fərdi çıxış edən gimnastımız O.Piunov 16-cı, yığma komandamızın digər üzvləri Ruslan Ağamirov 20-ci, İ.Qrişunin isə 40-cı yerdə qərarlaşdılar.
Yeni idman növü olan batut gimnastikasının Azərbaycan Gimnastika Federasiyası tərəfindən ötən ildən etibarən inkişaf etdirildiyini, həmçinin bu növ üzrə liderlərin iştirak etdiyi Dünya Kubokunun yetəri qədər ciddi yarış olduğunu nəzərə alsaq, gimnastlarımızın göstərdiyi bu nəticələr hər kəs üçün zəfər oldu.