Daxil olan xəbərə görə, tədbirdə Zərdab rayonunun icra başçısı Lütvəli Babayev çıxış edərək bildirib ki, prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində xeyli iş görülüb. Qeyd olunub ki, son 10 ildə rayonda 3035 yerlik 16 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilib, 2 tam orta məktəb binası əsaslı təmir edilib. Cari ildə Körpükənd kənd tam və Otmanoba kənd ümumi orta məktəbləri təmir edilib.
İcra başçısı bildirib ki, 2007-ci ildə rayon üzrə cəmi 47 nəfər məzun ali məktəbə qəbul olunubsa, bu il bu göstərici 131 nəfər olub, 4 nəfər məzun qəbul imtahanlarında 600-dən çox bal toplayıb. O cümlədən 3 nəfər məzun ali hərbi məktəbə, 1 nəfər məzun isə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunub.
Sonda yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə və qabaqcıl təhsil işçilərinə Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.