Xarici İşlər Nazirliyindən daxil olan məlumata görə, “Sənəddə Xocalıda mülki insanların öldürülməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad olunaraq, Ermənistanın silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək ifadə olunaraq, güc tətbiq etmək yolu ilə ərazi əldə edilməsinin BMT nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu bir daha vurğulanır.
Sənəddə Xocalı qurbanlarının və onların qohumlarının onlara vurulmuş mənəvi və maddi itkilərə görə ədalətli və hüquqi əsasda təzminat almaq hüququ da tanınır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Xocalı soyqırımının dünya miqyasında tanıtdırılması istiqamətində ardıcıl fəaliyyət bundan sonra da davam etdiriləcək.