Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. 20 nəfər əcnəbi bir həftə müddətində Göygöl rayonu ilə tanış olub və şəhərin tarixi yerlərini gəziblər. Qonaqlara bildirilib ki, bu rayonun əsası almanlar tərəfindən 1819-cu ildə qoyulub. İlk adı Yelenandorf olub. Alman qonaqlar şəhərdəki qədim alman evlərinə, o cümlədən Göygöl Tarix Diyarşünaslıq müzeyi kimi fəaliyyət göstərən keçmiş Lüteran kilsəsinə baxıblar. Qeyd olunub ki, Lüteran kilsəsi 1854-cü ildə almanlar tərəfindən tikilib, 1857-ci ildə istifadəyə verilib. 2005-ci ildən isə Göygöl rayon Tarix Diyarşünaslıq muzeyi kimi fəaliyyətdədir. Qonaqlara məlumat verilib ki, Göygöl rayonunda XIX əsrin əvvəllərində almanlar tərəfindən inşa edilən 300-dən çox ev var.
Qeyd edək ki, 2011-ci ildə Göygöl musiqi məktəbinin bir qrup şagirdi Ştutqard şəhərində səfərdə olub. Belə qarşılıqlı səfərlər mədəni mübadilə və əməkdaşlıq üçün böyük imkanlar yaradır.