Dadonun qardaşı Əli Əliyev bildirib ki, Səid günahsız yerə tutulub: “Səidin tutulmasında 4 bənd üzrə narazılıq var. Birinci Səidi qurama şəklində Nəsimi rayon Polis İdarəsinə çağrılaraq ona Bakıxanovda sənin avtomobilinə oxşar maşın adam vurub deyiblər. Daha sonra araşdırdılar ki, onları dediyi vaxtda Bakıxanovda avtomobillə adam vurma faktı aşkarlanmayıb.
İkinci bir bənd isə polis idarəsinə çağırışdan əvvəl dövlət nişanlı 10 XX 767 “Prado Tayota” markalı maşınla Dadonun yaşadığı evin önünə gələrək guya onu toya dəvət etmək istəyiblər. Burdan bəllidir ki, qardaşım planlı şəkildə mahnıya görə həbs olunsun deyə bu iş qurulub. Səid yol polisindən çıxanda həmin “Prado” markalı avtomobillə 21-ci Polis bölməsinə aparılıb. Bu hadisələrdən sonra həmin bölməyə getdik, deyirlər ki, məhkəmə qərarı var, ona görə də tutulub. Amma bu günə qədər bizə qətnamə verilməyib. Bir gündən çox Səid Nəsimi polis İdarəsində saxlanılıb. Amma orada da bizə dedilər ki, Səid burda yoxdur.
Anam və atam polis bölməsinə getsə də, qardaşımın nəyə görə tutulmasının səbəbini demirlər.Bölmədə olarkən ona təhqiramiz söyüşlər söyüblər. Bütün bunlar 4 bənd üzrə cinayətdir. Çox qeyri-adi və naməlum işdir. Hətta Səid tutulmazdan öncə ona zəng də vurublar ki, bu mahnı yığışdırılmasa sənin başına oyun açacağıq. Onu da deyim bu mahnı 3 il bundan qabaq yazılıb. Nəyə görə indi belə edirlər? Artıq neçə gündür Səid həbsdədir, heç kimdən bir reaksiya yoxdur. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Ombudsmana müraciət etmişik. Ölkə başçısı İlham Əliyeva müraciət olunub ki, bu faktlarla bağlı araşdırma aparılsın.
3 ildir mahnı yayılıb, heç bir reaksiya yoxdur. İndi kiminsə ağlına gəlib ki Səidi cəzalandırsın. Hazırda Dado Binəqədi həbsxanasındadır. Orda ona münasibət pis deyil. Adiyyatı qurumlardan qardaşımla bağlı açıqlama gözləyirik”.
Qeyd edək ki, Dado fevral ayının 26-dan 10 gün müddətinə həbs edilib.