Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafından danışan A.Nemətov gənclərin teatra marağının artırılması üçün Bilik Fondunun görəcəyi işlərə ehtiyac olduğu vurğulayıb.
A.Nemətov görüşdə bəzi təkliflər də irəli sürüb. Rejissor deyib ki, keçmişimizi gələcəyə təqdim etmək, dahi şair və yazıçılarımızın, elm və incəsənət xadimlərinin həyat və yaradıcılığını əks etdirən saytlar yaratmaq yaxşı olar.
Görüşdə Fondun icraçı direktoru Oqtay Səmədov da maraqlı təkliflə çıxış edib: “İstərdik ki, tələbə və şagirdlərin teatrlarla əlaqəsini daha da möhkəmləndirək. Bakı Slavyan Universitetinin belə bir təcrübəsi var: “Auditoriya +” layihəsi çərçivəsində tələbələrin ədəbiyyat üzrə məşğələləri teatr tamaşalarını izləməklə keçib. Bu təcrübəni genişləndirməyə dəyər. Bəzi dərslər birbaşa teatrda keçirilsin. Tələbə və şagirdlər dərsin mövzusuna aid tamaşaya baxsınlar və sonra aktyorlarla müzakirələr aparılsın”.
A.Nemətov irəli sürülən təklifi bəyəndiyini, bununla bağlı lazımi köməyi edəcəyini bildirib və Bilik Fondunun əməkdaşlarını Teatr Xadimləri İttifaqının yeni açılacaq tamaşa zalında premyeraya dəvət edib.