“NATO sammitində Ermənistan prezidenti Serj Sərkisyan da çıxış etdi. Sanki heç kəsin məsələdən xəbəri yoxdur, elə bil, Ermənistanın əraziləri işğal olunub, Azərbaycan konstruktiv olmalıdır. Riyakarlıqla, aldatmaqla öz məqsədinə çatmaq istəyir. İkitərəfli görüşlərdə də belə mövqe ortaya qoyur, eyni zamanda Azərbaycan barədə fikirlər söyləyirdi”.
Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.
PA rəsmisi qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan hər üç dövlətin başçısı Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetirir: “Bu halda Serj Sarkisyan məsuliyyətini hiss edib, yeni taktika seçməyə başlayıb, vəziyyəti başqa cür təqdim etmək istəyir. Erməni siyasətinin arsenalı belə nümunələrlə doludur. Yəni Serj Sarkisyan görüşləri, çıxışları zamanı tam riyakarlıqla üçüncü tərəfi aldatmaq, ona yalan məlumatlar vermək üçün lap "xameleon"a çevrilir. Əli yüzlərlə uşağın, qadının, qocanın qanına batmış, hətta özü də bir zaman bunu etiraf etmiş bu şəxs əslində terrorçudur. Terrorçu kimi atdığı addımlar, törətdiyi qətllər üçün bir gün cavab verəcək. O unudur ki, havadarları əlini çəkən kimi İraqda, Suriyada, Əfqanıstanda və digər yerlərdə axtarılan terrorçulara bərabər tutulacaq və ona yeri göstəriləcək. Serj Sarkisyan bilməlidir ki, bu gün onun əməllərinin cəzasını məzlum erməni xalqı çəkirsə də, sabah onun özü çəkəcək. O bilməlidir ki, həmişə hamını aldada bilməz. Artıq Serj Sarkisyanın özünün bunu dərk etdiyini görmək olur. Görünür ki, başa düşür ki, hansı yolu keçib, nələr edib, gələcəkdə onu nə gözləyə bilər. Bu hal isə dərhal onun psixi durumuna diqqəti cəlb edir. Serj Sarkisyan son vaxtlar ən mötəbər görüşlərdə belə özünü normal, adekvat apara bilmir. Davranışının bir sıra psixi xüsusiyyətləri özünü büruzə verir. Birdən-birə coşaraq əl-qol hərəkətləri edir, hərəkətləri çərçivəyə sığmır, sifəti qəribə formaya düşür, özünü idarə edə bilmədiyi aydın müşahidə olunur. Yəqin ki, yaşadığı terrorçu həyatı, törətdiyi əməllər öz təsirini göstərməyə başlayıb. Düşünürəm ki, bu, hələ başlanğıcdır”.
N.Məmmədov bildirib ki, başqa cür də ola bilməz: “25 ilə yaxındır ki, Azərbaycan ərazilərini işğal altında saxlayaraq beynəlxalq birliyə yalan məlumatlar verməklə özü də başa düşmür ki, o, Lafontenin, yaxud Krılovun təmsillərindəki obrazlara bənzəyir”.