Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şamaxı rayonunun Sabir qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.
Bildirilib ki, bu il ərzində 3658 sahibkara 187,8 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8 000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edək ki, indiyədək Dağlıq-Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 340 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,5 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, ixtisaslaşdırılmış "yaşıl market"in, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, çörək zavodunun, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 5 mindən çox yeni iş yeri yaradılıb.
Forum çərçivəsində Şamaxı və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 1 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 130-a yaxın yeni iş yerinin açılması mümkün olacaq. Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.
Tədbir çərçivəsində İsmayıllı rayonunun Keyvəndi kəndində 1000 başlıq müasir heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə, Şamaxı rayonunun Carhan kəndində intensiv üzümçülük və Göylər kəndində arıçılıq təsərrüfatına baxış keçirilib.