Bankın Bakı nümayəndəliyindən AzərTAc-a bildirilib ki, AİB tərəfindən proqramın hazırlanması üçün ayrılmış 925 min ABŞ dolları məbləğində qrant çərçivəsində məsləhətləşmələrə ötən il oktyabr ayında başlanılıb. Sentyabrın 4-dək davam edən görüşlər zamanı məsləhətçilər AİB-in şəhərsalma üzrə mütəxəssisi David Margonszternin rəhbərliyi ilə bir necə nazirlik və inkişaf tərəfdaşları ilə görüşlər keçiriblər.
Qrup, həmçinin Nəqliyyat Nazirliyində keçirilmiş görüş zamanı hazırladığı yekun hesabatın ilkin variantının təqdimatını keçirib. Nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi ilə baş tutan görüşdə Bakıda ictimai nəqliyyatın yaxşılaşdırılması strategiyası, şəhərdaxili dəmiryolu nəqliyyatının inkişaf etdirilməsi, avtobuslar vasitəsilə kütləvi və sürətli tranzit sistemin yaradılması, paytaxtın avtobus sisteminin yenidən qurulması, avtomobil dayanacaqlarının idarə edilməsi, Bakının yol şəbəkəsinin və əsas qovşaqların təkmilləşdirilməsi kimi prioritet təşkil edən məsələlər müzakirə edilib. Yekun hesabatın 2014-cü il dekabr ayında hazır olması gözlənilir.
Filippinin Manila şəhərində yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən dayanıqlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır.