Stepanakert (Xankəndi - red.) aeroportu işə salınacaq və sırf sərnişin daşımaları həyata keçirəcək. Dağlıq Qarabağ ”hökuməti"nin bu addımı və qərarı müstəsna olaraq humanitar xarakterlidir. Bu barədə dəfələrlə bəyan eləmişik". Bunu separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyan srağagün “Exo Moskvı” radiostansiyasına müsahibəsində bildirib.
Lakin Mirzoyan hava reyslərinin nə vaxt başlayacağı ilə bağlı konkret tarix açıqlamayıb: “Bunu söyləyə bilmərəm. Birincisi, tarix ildən-ilə keçirilmir. Məsələ açılmaqla yox, bərpa ilə bağlıdır. Stepanakert (Xankəndi -red.) aeroportunun bərpası ötən ilin sonundan həlledici fazaya daxil olub. Məqsədimiz bacardıqca texnogen təhlükələrdən qaçmaqdır. Aeroport mürəkkəb dağ avianaviqasiya şərtlərini nəzərə alıb sərnişinlərin təhlükəsizliyini maksimum dərəcədə təmin eləməlidir. Bu şərtlər təmin olunan kimi, hava limanının normal fəaliyyəti bərpa ediləcək. Bunun yaxın zamanlarda baş verəcəyinə ümid edirəm”.
Mirzoyan məsələdə təbii ki, Azərbaycan tərəfini haqsız ittiham eləməkdən də çəkinməyib və rəsmi Bakını dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaqda suçlayıb.
Diqqət edildisə, separatçı qurum “rəsmisi” dünya ictimaiyyətini çaşdırmaq məqsədilə qəsdən məsələni belə təqdim edir ki, guya Xocalı aeroportu açılmır, sadəcə, öz işini bərpa edir. Guya indiyədək İrəvandan Xankəndinə və ya əks istiqamətdə hansısa mülki təyyarənin, yaxud iri tonnajlı müasir yük təyyarələrinin uçuşu həyata keçirilib. Belə şey əlbəttə ki, olmayıb.
İkincisi, qənaət hasil olur ki, erməni tərəfi uçuşların təhlükəsizliyi sarıdan hələ də tərəddüd içindədir və qərarlılığı yoxdur. Hərgah çox istəyərdi ki, bu yolla dünya birliyinə qondarma “DQR”in suveren və müstəqil subyekt kimi yaşamaq iqtidarında olduğu barədə siyasi mesaj versin.
Başqa tərəfdən, ermənilər Minsk Qrupu çərçivəsində danışıqların faktiki dayandığı və bölgədə yeni müharibə riskinin xeyli artdığı vaxtda belə bir addımın ağır sonuclara gətirə biləcəyinin fərqində olmamış deyillər. Bu barədə vasitəçi dövlətlər də ayrı-ayrılıqda kifayət qədər aydın mövqe sərgiləyərək xəbərdarlıq ediblər.
Ermənilər onu da yaxşı bilməmiş deyillər ki, qanunsuz uçuşlar beynəlxalq aviasiya normalarının zəmanətindən kənardadır. Yəni rəsmi Bakı beynəlxalq hüquqla bu aviareyslərin qarşını istənilən yolla almaq haqqını özündə saxlayır və hələ ki bu hüququ ondan heç kim almayıb.
Xatırladaq ki, Xocalı hava limanı məsələsinin Ermənistan prezidenti Serj Sərkisyanın bir həftə sonra Moskvaya başlayacaq işgüzar səfərin əsas mövzularından birini təşkil edəcək (Mövzular arasında Ermənistanın MDB Gömrük Birliyi və Avrasiya İttifaqına qoşulma məsələsi də var).
Aydındır ki, Moskva ziyarəti Sərkisyanın 18 fevral seçkilərindən sonra prezident kimi legitimliyini dünyaya və ilk növbədə üsyana qalxmış erməni xalqına qəbul etdirmək baxımından da önəm kəsb edir. Rusiyanın dəstəyi ilə aeroportun problemsiz açılması və Sərkisyanın vəd elədiyi kimi, ilk aviareysin sərnişini olması ona daxili auditoriya ünvanlı əvəzsiz siyasi divident baxımından indi bəlkə də hava-su kimi lazımdır.
Bu, həm də 9 aprel inauqurasiyanadək istefa tələbi qoyulmuş Sərkisyana olduqca lazımlı bir kart-blanş verə, qəzəbli erməni toplumunu qismən sakitləşdirərdi. Ancaq səfər onunçün uğurlu alınacaqmı? Kreml Sərkisyana gərəkən dəstəyin qarşılığında ondan nələr istəyəcək? O sırada rəsmi Moskva konkret olaraq aeroport məsələsində Bakı ilə münasibətləri daha da soyudacaq bir addıma gedəcəkmi? Bir şey dəqiqdir ki, artıq Rusiyanın da regional maraqlarına toxunacaq səviyyəyə çatmış aeroport məsələsində Kremlin izni olmadan İrəvan hər hansı addım atmağa cürətlənməyəcək.
Yazı hazırlanarkən məlum oldu ki, Minsk Qrupunun həmsədrləri İqor Popov, Jak For, İan Kelli Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla Parisdə keçirdikləri görüşlərin yekunları ilə bağlı birgə bəyanat yayıblar. APA-nın məlumatına görə, onlar ötən şənbə-bazar keçirilən görüşlərdə Qarabağa mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən və son vaxtlar təmas xəttində müşahidə olunan gərginlikdən narahatlıq ifadə ediblər, həmçinin atəşkəsin möhkəmləndirilməsi üzrə ideyaların müzakirə edildiyini bildiriblər. Bəyanatda o da qeyd edilir ki, vasitəçilər yaxın həftələrdə regiona gələrək Azərbaycan və Ermənistan prezidentləri ilə münaqişənin nizamlanmasına dair növbəti addımları müzakirə edəcəklər.
Bəyanatı mediaforum-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu onu Azərbaycanın əleyhinə olan sənəd kimi qiymətləndirib. Sitat: “Diqqət edin, vasitəçilər demir ki, hava limanının işə düşməsindən narahatıq, çünki bu münaqişə həll olunmamış bölgədəki vəziyyəti daha çox gərginləşdirə bilər. Deyirlər ki, mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən narahatıq. Yəni Azərbaycana işarə edirlər ki, guya hava limanına yalnız ”mülki təyyarələr enəcək" və rəsmi Bakı bunun ətrafında vəziyyəti gərginləşdirməməlidir. Fikrimcə, Azərbaycanın Xarici İşlər Nazirliyi həmsədrlərin Xocalı hava limanına dair bu cür yanaşmasına etiraz etməlidir. Bəyanatın bu formada yayılması xarici işlər naziri Elmar Məmmədyarovun həmsədrlərlə Paris görüşünə də kölgə salır. Belə çıxır ki, həmsədrlər Məmmədyarov və onun erməni həmkarı Nalbandyanla ayrılıqda görüşdükdən sonra bəyanatı məhz Ermənistanın xeyrinə formalaşdırıblar".