Sabiq deputat Gülər Əhmədova müdafiəsini gücləndirdi. Dünəndən etibarən onun müdafiəsinə daha bir vəkil - Raqif Məmmədov qoşuldu.
Gülər Əhmədovanın yeni vəkili “onun səhhətində heç bir problem yoxdur” deyir
1 saylı hüquq məsləhətxanasının vəkili Raqif Məmmədov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə müqavilə bağlayıb. “Yeni Müsavat”a müsahibəsində R.Məmmədov dedi ki, artıq G.Əhmədovanın iki vəkili var: “Mən və Eldar Qədimi bundan sonra onun hüquqlarını müdafiə edəcəyik. Bu, onun öz hüququdur. İstəsə, 5 vəkil də tuta bilər. Hələ işlə tanış olmaq imkanım olmayıb. Özü ilə martın 4-də görüşdüm. Cəmi yarım saat söhbətləşdik. İlkin fikrim Gülər Əhmədovanın verdiyi fikirlər əsasında formalaşıb. Hesab edirəm ki, Gülər Əhmədovanın bu məsələdə heç bir günahı yoxdur. O, sadəcə olaraq, Elşad Abdullayevin təxribatlarının qurbanı olub”.
Vəkil bildirdi ki, müdafiə xəttini G.Əhmədova ilə müzakirə edəcəklər. Müsahibimizin sözlərinə görə, indi əsas bilmək istədikləri videokasetlərin sübut kimi qəbul edilib-edilməməsidir: “Daha doğrusu, bunun qanuni olub-olmamasını müəyyənləşdirməkdir. Qalan məsələləri bundan sonra müəyyən edəcəyik”.
Müsahibimiz G.Əhmədovanın səhhəti ilə bağlı ilginc açıqlama verdi. Dedi ki, səhhətində heç bir problem yoxdur: “O, bununla bağlı şikayət eləmir. Gülər xanım müayinə olunmur. Deyir, özümü yaxşı hiss edirəm. Dişlərinin çıxarılması ilə bağlı məlumatım yoxdur”.
Vəkil ilk görüşdə G.Əhmədovanın ona konkret olaraq hər hansı tapşırıq vermədiyini dedi: “Biz sadəcə olaraq müdafiə taktikamızı birgə müəyyən edəcəyik”.
Vəkil müvəkkili ilə həftədə bir dəfə görüşəcəklərini vurğuladı.
Eldar Qədimi: “Gülər Əhmədova ”Yeni Müsavat"a abunə yazılıb"
G.Əhmədovanın digər vəkili Eldar Qədimi isə bildirdi ki, irəli sürülən ittihamlar kifayət qədər çox olduğu üçün müdafiə işində iki müdafiəçinin iştirakı vacibdir.
Vəkili G.Əhmədova ilə martın 5-də görüşdüyünü deyib: “Mən onun üçün ”Hürriyyət" və “Yeni Müsavat” qəzetlərinə abunə yazılmışam. Gülər Əhmədova ilə görüşəndə onun qulaqlarının arxasındakı limfa vəzilərinin böyüdüyü nəzərimə çarpdı".
Sabiq deputat Əvəz Zeynallının məhkəməsinə getməyəcək “
Vəkil “Turan” agentliyinə müsahibəsində G.Əhmədovanın səhhətinin pisləşdiyini və onun istintaqdan narazı olduğunu bildirib: “O, YAP-dan dəstək gözləmir və Əvəz Zeynallının məhkəməsinə getməyəcək”.
O, KİV-i G.Əhmədovanın əmlakı, təcridxana rəhbərliyi ilə münaqişəsi barədə əsassız məlumatlar yaymaqda ittiham edib. Hakim YAP tərəfindən dəstəklə bağlı suala cavab olaraq vəkil deyib ki, partiya onu öz sıralarından çıxarıb: “Hansı dəstəkdən danışmaq olar?”
“G.Əhmədova onun şikayəti əsasında həbs olunmuş jurnalist Əvəz Zeynallının işi üzrə məhkəmədə çıxış edəcəkmi” sualına vəkil mənfi cavab verib: “Onun məhkəməyə gedib ona qarşı ifadə vermək niyyəti yoxdur”.
Elşad Abdullayevin videoları ilə bağlı rəsmi ekspert rəyində nə deyilir?
Bu arada “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, E.Abdullayevin yaydığı videolarla bağlı araşdırma aparılıb. Belə ki, artıq bu videolara Ədliyyə Nazirliyi Ekspertiza İnstitutu tərəfindən rəy verilib. Həmin rəyə görə, videogörüntülərdəki səs də, görüntü də G.Əhmədovaya məxsusdur.
Ekspertlər hesab edir ki, bu görüntülərin montaj və ya saxtalaşdırılmış olması ilə bağlı ortada heç bir fakt yoxdursa, bu, G.Əhmədovaya qarşı sübut kimi irəli sürülə bilər. Bu ekspertiza rəylərindən G.Əhmədovanın vəkillərinin də çox güman ki, xəbəri var. Amma rəsmi instansiyada buna reaksiya verilmədiyi üçün vəkillər ictimai rəyi bu videogörüntülərin guya saxta olması ilə bağlı fikrə kökləməyə çalışırlar.
Rəsmi açıqlama: “Limfa düyünlərinin şişməsi çox adamda olur”
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun elitar.az saytına verdiyi məlumata görə, G. Əhmədovanın səhhətində ciddi problem yoxdur: “Gülər Əhmədovanın səhhəti stabildir. Onun stasionar müalicəyə ehtiyacı yoxdur. Limfa düyünlərinin şişməsi kimi hal çox adamda olur. Bu sanki səhər yuxudan duranda bir insanın başının ağrıması kimi bir əlamətdir və qısa zamanda keçir. İbn Sinadan səhər duranda soruşurlar ki, necəsən? O da deyir ki, şükür Allaha, ağrıyıram. Yəni hər bir insanda xırda ağrılar kimi hallar olur. Gülər Əhmədovanın da səhhəti ilə bağlı diqqəti cəlb edən ciddi bir narahatçılığı yoxdur”.
İftixar Qurbanov bildirdi ki, Gülər Əhmədova hər gün həkim nəzarətindədir.
ABU rektoruna görə iki redaktor dalaşdı
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevdə onun da videoçəkilişlərinin olması ilə bağlı mətbuatda yayılan məlumatlara cavab verib. Bəxtiyar Sadıqovun bununla bağlı “Azərbaycan” qəzetinin bugünkü sayında məqaləsi dərc olunub. Baş redaktor yazısında xeyli kobud və sərt ifadələr işlətməklə yanaşı, baş vermiş situasiyanı qiymətləndirib. O, E.Abdullayevdə barəsində video olduğunu yazan media orqanları barədə təhqiramiz ifadələr yazıb.
“Aqressiv müxalifət mətbuatının, habelə anti-azərbaycançı şəbəkəyə xidmət edən internet saytlarının xeyli müddətdir özlərinə ”maraqlı mövzu" kimi seçdikləri bu məsələdən nisbətən ətraflı söhbət açmağım səbəbsiz deyil! Fevralın 2-də media “Elşad Abdullayevdə Bəxtiyar Sadıqov barədə 40 dəqiqəlik video var” anonsunu verdi. Hətta bu barədə məndən açıqlama istəyənlər də oldu" deyə yazan baş redaktor həmkarlarına barmaq da silkələyib: “Düşündüyümü ucadan deyəcəm: bu xəbərin anonsunu verən saytlar və qəzetlər həmin videonu göstərib stenoqramını dərc etməsələr, heç kişi deyillər! Belə hesab edəcəyəm ki, həmin kollektivlərdə ancaq başıləçəklilər işləyir! Heç bir bəhanə də qəbul olunmur! Hər kəs dediyinin və yazdığının məsuliyyətini daşımalıdır!”
Yazıya qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərud da “Ləçəyi kimin başına bağlamaq lazımdır” başlıqlı yazı ilə cavab verib. Buna səbəb B.Sadıqovun öz məqaləsində sözügedən saytın adını çəkib, sətiraltı onları “reket” adlandırması olub. E.Ərud yazısında bildirib: “Adama sual verərlər ki, biz neynəmişik axı? Elşad Abdullayevin ilk videoları yayılandan indiyə kimi xəbərləri cəmiyyətdə ən operativ çatdıran media qurumu olmuşuq. Onun videolarını yaymışıq, müsahibələrini vermişik. Bununla bağlı bütün tərəflərin arqumentlərini işıqlandırmışıq. Ən son isə sizin adınız keçib bu materiallarda, bu xəbəri də digər müstəqil media orqanları kimi biz də işıqlandırmışıq. Üstəlik, sizin də mövqeyinizi dərhal əlavə etmişik. İndi gözləyirik görək, bu video yayılacaqsa, yenə də hamıdan birinci bu xəbəri yaymağa çalışacağıq. Əgər olmayacaqsa, yenə də anonsun yalan çıxdığını verəcəyik. Yəni bizim işimiz bundan ibarətdir ki, xəbər yayaq və bunu hamıdan tez eləməyə çalışaq”.
E.Ərud B.Sadıqovun “reket sayt” sözünə də belə cavab verib: “ Bu məmləkətdə kimin kim olduğunu hamı gözəl bilir. Mənim də, sizin də... Kimin rəhbərlik etdiyi mətbuat orqanında ”reket" tipli, pulla, palaz-palaz yazılar dərc etdiyi də göz qabağındadır. Bu yazıların qiyməti də hər kəsə bəllidir".
Elnur Məcidli: “Bəxtiyar Sadıqov onunla bağlı videonun qoyulmasından narahatdır”
E.Abdullayevin işi ilə bağlı araşdırma aparan blogger Elnur Məcidli isə dedi ki, konkret B.Sadıqovla bağlı E.Abdullayevdə videoların olub-olmamasını dəqiqləşdirəcək. Onun sözlərinə görə, Bəxtiyar Sadıqovun harada işlədiyi, qəzetinin nəyə xidmət etdiyi ortadadır: “Azərbaycanda deputat seçilmiş adam bu cinayəti qəbul etmiş adamdır. Bu, qanunsuzluqla olur və bu cinayəti işləyən hər bir adam bunu qəbul edir. Onun haqqında video qoyulmayıb, ona görə də əks-hücuma keçir. İnsan öz fəaliyyəti ilə ortada olmalıdır”.
“Növbəti video Rasim İldırımzadə ilə bağlıdır”
E.Məcidli dedi ki, hazırda növbəti videonun yayımına hazırlaşırlar. Müsahibimizin sözlərinə görə, növbəti video Rasim İldırımzadə ilə bağlı olacaq: “Hazırda onun üstündə dayanırıq. May ayından etibarən daha fərqli mövqe nümayiş etdirəcəyik. Həmin vaxt istintaqla bağlı bir çox şeylər olacaq. Onları indidən demirik ki, qarşı tərəf bundan xəbər tutsun”.
Amma bu prosesdə ən maraqlı məsələ G.Əhmədovanın işində E.Abdullayevin hələ də zərərçəkən kimi tanınmamasıdır. E.Abdullayevin vəkili Adil İsmayılov bizə açıqlamasında bildirdi ki, sabiq rektor hələ zərərçəkən kimi tanınmayıb: “Mən də onun Mahir Abdullayevin işi üzrə vəkiliyəm. Nə vaxt ki, Elşad Abdullayev bu məsələdə zərərçəkən kimi tanınar, mən də onun vəkili kimi təsdiqlənərəm, o zaman bu məsələ ilə bağlı hansısa suallara cavab verə bilərəm”.