Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən daxil olan məlumata görə, 24 yaşlı avarçəkənimiz bu uğura Hollandiyanın paytaxtı Amsterdamda keçirilən mundialda imza atıb.
Aleksandrov 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə yarımfinal yürüşündə finişə 6 dəqiqə 45,590 saniyəyə çataraq, 3-cü yeri tutub. Çexiyalı Andrey Sinek (06:41.580) birinci, litvalı Mindauqas Qrişkauskas (06:43.640) ikinci olub. İlk "3-lüy"ə düşdüyündən, təmsilçimiz Sinek və Qrişkonislə birgə əsas finala yüksəlib. Digər yarımfinal yürüşündən isə həlledici mərhələyə almaniyalı Marsel Hakker (06:39.060), yeni Zelandiyalı Meyh Drizdeyl (06:44.420) və kubalı Anxel Furnier Rodriges (06:48.520) adlayıb. Əsas final yürüşü avqustun 31-də Bakı vaxtı ilə saat 17:03-də başlanacaq. Avarçəkənimiz 1-ci yürüş zolağında yer alacaq.
Aleksandrov 5-ci yeri tutduğu 2012-ci il London Yay Olimpiya Oyunlarında bu rəqiblərdən Drizdeyl, Sinek və Hakkerlə həlledici yürüşdə mübarizə aparıb. Həmin vaxt finişə 7 dəqiqə 9,420 saniyəyə çatan təmsilçimiz 5-ci olub. İlk 2 yeri yeni zelandiyalı və çexiyalı rəqibləri tutsa da, idmançımız almaniyalını üstələməyi bacarıb. Rodriges və Qrişkonis isə 7-8-ci yerlərlə kifayətləniblər. Amma ötənilki dünya çempionatında Aleksandrov 7-ci olduğu halda, Sinek qızıl, Rodriges gümüş, Hakker bürünc medala yiyələnib.
Amsterdamdakı dünya çempionatında mübarizə aparan digər təmsilçilərimizə gəldikdə, İqor Luçiç - Luka Corceviç dueti 2 nəfərlik sükansız qayıqla (M2-) ümumi sıralamada 13-cü yer uğrunda mübarizəyə imkan verən C yarımfinalında 2000 metr məsafəyə yürüşdə 6 dəqiqə 56,750 saniyə nəticə ilə 1-ci, C finalında 6 dəqiqə 28,800 saniyə göstərici ilə 2-ci yeri tutaraq, çempionatı 14-cü pillədə başa vurub.
1 nəfərlik yüngül çəkili qayıqla (LM1x) 2000 metr məsafəyə yarımfinal yürüşündə isə Cavid Əfəndiyev finişə 7 dəqiqə 19,620 saniyəyə çataraq, 4-cü yeri tutub və ümumi sıralamada ilk "18-lik"dən kənarda qalıb. Əvəzində o, 7 dəqiqə 4,360 saniyə nəticə ilə D finalının qalibi olaraq, çempionatı 19-cu pillədə başa vurub.