Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yüksək dağlıq ərazidə bir-birindən uzaq məsafələrdə yerləşdiyindən və küləklə müşayiət olunduğundan yanğının söndürülməsi xeyli çətinlik yaradıb. Eyni zamanda, yanğının baş verdiyi ərazi yüksək dağ massivində, yəni dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranmışdı. Belə ki, yanğının qarşısının alınmasında əsasən əl əməyindən və helikopterlərin köməyindən istifadə edilib. Közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən bel, kürək və sair avadanlıqlardan istifadə olunmaqla tədbirlər görülüb. Həmçinin yaxın dağ çaylarından əl əməyi ilə su daşınıb. Əraziyə cəlb olunmuş FHN-in aviasiya və canlı qüvvəsinin, ETSN-in müvafiq yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində hazırda yanğının tam olaraq qarşısı alınıb.
Ümumilikdə bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla 20 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində 4 hektara yaxın quru ot və kol örtüyünə ziyan dəyib.
Hazırda dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.