Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 25-28, gündüz 35-40 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Avqustun 29-da Abşeron yarımadasında güclü isti temperatur diskomfortu, havada rütubətin çox olması, gecə və səhər saatlarında durğun hava şəraitinin üstünlüyü əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün xüsusilə əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Avqustun 30-31-də güclü xəzri küləyi nəticəsində havanın temperaturu tədricən enəcək ki, bu da müsbət amildir.
Xəbərdarlıq
Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 29-u axşamdan 31-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.