Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkənin yeni baş naziri olacaq. Bu barədə avqustun 21-də AKP-nin Mərkəzi İdarə Heyətinin toplantısında partiya sədri Ərdoğan məlumat verib. Avqustun 27-də keçiriləcək AKP-nin növbəti qurultayında partiyanın sədri və baş nazir postunu Davudoğlu tutacaq.
Türkiyənin 62-ci hökumətinin başçısı olacaq Əhməd Davudoğlu akademik dairələrin adamı hesab olunur. Siyasətə və dövlət vəzifəsinə universitetdən gəlib. Bir müddət Ərdoğanın xarici siyasət məsələləri üzrə müşaviri olub. “Qonşularla sıfır problem” nəzəriyyəsini irəli sürüb, Yaxın Şərqdə siyasi münasibətlərdən bəhs edən nəzəriyyənin müəllifidir. Davudoğlu islamçı siyasi kursun, Yaxın Şərqdə keçmiş Osmanlı imperiyası ərazisindəki dövlətlərin yeni əməkdaşlıq formasında birliyinin tərəfdarıdır. Eyni zamanda “Yeni Osmanlıçılıq siyasəti” terminologiyası da onun adı ilə bağlanır.
Əhməd Davudoğlu 1959-cu ildə Konyada anadan olub. Zəngin akademik karyerası var. 2002-ci ildən baş nazir Abdullah Gülün, daha sonra isə Ərdoğanın baş müşaviri olub. 2009-cu ildən Türkiyənin xarici işlər naziri təyin olunub. Davudoğlunun Türkiyənin baş naziri olması dünyada maraqlı reaksiya doğurub. Dünya mətbuatının əsas xəbər başlıqları məhz Əhməd Davudoğlunun baş nazir təyinatı ilə bağlı olub.
ABŞ hökuməti də Davudoğlunun baş nazir olmasını müsbət qarşıladığını bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü Marya Harf, xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrliyinə namizəd olması ilə əlaqədar “Türkiyədəki növbəti baş nazirlə işi səbirsizliklə gözlədiklərini” deyib.
ANS PRESS-in məlumatına görə, Harf gündəlik mətbuat konfransında Davudoğlunun Ədalət Partiyasının sədrliyinə namizəd göstərilməsiylə əlaqədar şərhində “Bunun bir namizədlik olduğunu anlayıram. İndi işləməsi lazım olan bir müddət var. (Türkiyədə) Növbəti baş nazir kim olursa olsun onunla birlikdə işləməyi səbirsizliklə gözləyirik” - söyləyib.
Qeyd edək ki, qardaş Türkiyədə baş nazirin dəyişməsi Azərbaycanda da maraqla izlənilir. Xarici işlər naziri Davudoğlunun baş nazir təyinatı ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Müsavat Partiyasının başqanı İsa Qəmbər Əhməd Davudoğlunu uzun illər əvvəl tanıdığını deyib. İ.Qəmbər yeni baş nazirin dönəmində Azərbaycana böyük diqqət olacağını bildirib. Sitat: “Əhməd Davudoğlunu 15 ilə yaxındır tanıyıram. Şəxsi tanışlığımız var, dəfələrlə görüşmüşük, söhbətlərimiz olub. Onu ictimai-siyasi xadim olmazdan öncə bir intellektual kimi tanımışam və hər zaman yüksək dəyərləndirmişəm. Hesab edirəm ki, hakimiyyətdə intellektualların olması həm dövlət üçün, həm də onun qonşuları üçün çox gözəl və faydalıdır. Əminəm ki, Əhməd Davudoğlunun baş nazirliyi dönəmində Türkiyə-Azərbaycan münasibətləri inkişaf edəcək. İndiki gerçəklikdə təbii ki, Türkiyənin xarici siyasətinin müəyyənləşdirilməsində həlledici rol prezident Rəcəb Tayyib Ərdoğanda olacaq. Türkiyənin ümumxalq seçkiləri nəticəsində vəzifəyə gələn prezident kimi Ərdoğan dövlətin idarə olunmasında əsas şəxs olacaq.
Düşünürəm ki, Ərdoğan baş nazir Davudoğlu ilə birlikdə Azərbaycana kifayət qədər diqqətli yanaşacaqlar. Qarabağ məsələsində əminəm ki, Azərbaycanın maraqlarını tam şəkildə nəzərə alacaqlar”.
İsa Qəmbərin fikrincə, Türkiyənin Azərbaycanda demokratikləşmə sahəsində siyasətinin dəyişəcəyinə inanmır: “Digər məsələlərdə isə, o cümlədən demokratiya məsələsində, Türkiyənin Azərbaycana münasibəti bir sıra amillərdən asılıdır. O amillərdən hansının daha təsirli olacağını gələcəkdə görəcəyik. Mən Əhməd Davudoğluna yeni vəzifələrində - partiya sədri və baş nazir postunda - uğurlar arzulayıram”.
Ankara Universitetinin doktorantı, politoloq Orxan Qafarlıya görə, Türkiyədə hələ də baş nazir hökumətin fəaliyyətinə rəhbərlik edən əsas siyasi şəxs olsa da, Davudoğlunun dönəmində müəyyən mənada fərqlilik olacaq. Daha dəqiqi baş nazir səlahiyyətlərinin müəyyən hissəsini prezidentlə bölüşməli olacaq: “Türkiyə parlament sistemiylə idarə edilən ölkə olduğu üçün baş nazirin səlahiyyətləri daha yüksəkdir. Prezident isə əslində daha çox simvolik xarakter daşıyan bir vəzifədir.
Davudoğlunun Türkiyənin baş naziri olması, bu postun bütün səlahiyyətlərindən tam şəkildə istifadə edəcəyi anlamına gəlmir. Davudoğlunun prezidentlə səlahiyyətlərini bölüşəcəyi ehtimal olunur. Digər tərəfdən Davudoğlu ilə Ərdoğan arasında, Yaxın Şərq, Avropa, Rusiya, ABŞ və Orta Asya siyasətində elədə ciddi fərqlilik yoxdur. Davudoğlunun bir baş nazir olaraq daha çox xarici siyasət üzərində fokuslanacağı ehtimal olunur. Daxili siyasətdə, “paralel dövlət”lə Ərdoğanin siyasəti davam edəcək. Davudoğlu Ərdoğanın başlatdığı siyasətə o qədər də müdaxilə etməyəcək. Demək istədiyim Ərdoğanın daxili siyasət üzərində hegemonluğu davam edəcək. Düşünürəm Davudoğlu Ərdoğan arasında belə bir anlaşma vardır. Beləliklə daxili siyasət Ərdoğan hegemonluğu davam edəcəksə, xarici siyasətdə Davudoğlu daha sərbəst fəaliyyət göstərəcəkdir".
O.Qafarlının fikrincə, iqtisadi məsələlərdə Türkiyə siyasətinə iki yeni isim daxil olacaq. Bunlar Yigit Bulut və Numan Kurtulmuş olacaq. Lakin ekspertə görə, Davudoğlu ilə Ərdoğan arasında bu iki isim arasında hansına daha çox stavka olunacağı bilinmir: “Ehtimal edirəm ki, Yigit Bulutun şansı daha çoxdur. Lakin Numan Kurtulmuşun AKP-yə gəldiyi zaman ona söz verilib və indi bu sözün tutulması lazımdır. Bu şəxsdən seçilməsindən Türkiyənin iqtisadi siyasəti bəlli olacaqdır”.
O.Qafarlıya görə, yeni hökumətdə xarici işlər naziri postuna 3 iddialı var. Bunlar baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalın, Mövlud Çavuşoğlu və Firudin Sinirlioğludur. Azərbaycan-Türkiyə münasibətlərinə gəldikdə, ekspertə görə, Davudoğlunun baş nazirliyi dövründə xarici siyasətdə əsas gündəm Yaxın Şərq və “erməni genosidi” mövzusu olacaq: “2015-ci ildə Davudoğlu baş nazir olduğu dönəmdə Yaxın Şərq siyasətindən sonra Ermənistan Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsi üzərində olacaq. Bunun səbəbi qondarma ”erməni soyqırımı" iddialarının 100 illiyinin 2015-ci ilin aprelində olmasıdır.
Əgər parlament seçkiləri daha tez, yəni bu ilin noyabrında baş verməsə o zaman 2015-ci il iyun ayında olan seçkilərdə erməni məsələsində diqqətli olmaları lazım olacaq. Çünki, ehtimal var ki, ABŞ və bir sıra ölkələr qondarma “erməni soyqırımı”nı tanıyacaq. Və Türkiyədə məclis seçkilərindən iki ay öncə bu hadisələrin olması, AKP hər zaman səs verən 15 faizlik millətçi seçicini itirmə təhlükəsi ola bilər. Bu səbəbdən də Davudoğlunun Erməni məsələsində çox aktiv bir siyasəti olacaqdır. Azərbaycan rəhbərliyinin də bu aktiv erməni siyasətinə hazır olması lazım gələcək".