Türkiyənin ulduz futbolçusu Arda Turan İspaniyanın “GQ İspaniya” jurnalına müsahibə verib.
Arda Turanla reportaj futbolçunun Madriddəki evində baş tutub.
27 yaşlı futbolçu reportajında arzuları, xəyalları, futbol və həyatla bağlı düşüncələrini paylaşıb. Turan həmçinin, Atletiko Madriddə xoşbəxt olduğunu bildirib, gözəl xarakterə sahib olan futbolçularla eyni formanı geyinməyin önəmindən danışıb. Bununla belə, o, bir arzusunu da dilə gətirib.
“Bir macəra filmi çəkəsi olsaq və hesab etsək ki, başqa bir klubda oynayıram, mən “Barselona”da oynamaq istərdim. Çünki Messiyə ötürmə etmək heç də pis olmazdı”, -deyə ulduz futbolçu qeyd edib.
Türkiyəli futbolçu uğur əldə etdiyinə baxmayaraq, xəyal qurmaqdan heç vaxt vaz keçməyəcəyini, daim yenilik axtarışında olacağını deyib: “Buraya yenicə gələndə “Real Madrid” və “Barselona” ilə rəqabət aparmağa çalışacağımızı söyləyəndə jurnalistlər mənə gülürdülər. Onlar bizdən daha bacarıqlı ola bilərlər və ya daha yaxşı futbolçuları ola bilərlər. Amma biz ən yaxşı komanda olmağı bacardıq”.
Arda Turan milli komanda ilə dünya çempionatında final oynamaq arzusunu da dilə gətirib. O deyib ki, dünya çempionatında final oynamaq üçün hər şeyi etməyə hazırdır.