Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA TV-yə verdiyi məlumata görə, son bir ayda günvurma ilə bağlı 14 nəfər ağır vəziyyətdə müraciət edib ki, onların da 8 nəfəri xəstəxanaya yerləşdirilib. Stansiyaya hər gün 1700-1800 müraciət daxil olduğunu deyən Oqtay Şahmalıyev bildirib ki, bu il keçən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı bir qədər artıb.
Günvurma zamanı ilk tibbi yardım böyük əhəmiyyətə malikdir. Həkimlərin fikrincə, əgər günvurma yüngül xarakter daşıyırsa, bu zaman ilk tibbi yardımla problemi aradan qaldırmaq olar. Ancaq bəzən uzun müddət gün şüasının təsiri altında qaldıqda zərərçəkən huşunu itirirsə, özünə gəlmirsə, bu zaman şəxs dərhal xəstəxanaya aparılmalı və reabilitasiya olunmalıdır.