AzNews.az Elşad Abdullayevdən 700 min manat pul almaqda adı hallandırılan Binəqədi rayonunun keçmiş prokuroru Mirələkbər Seyidovu taparaq, onunla bağlı xəbərlərə aydınlıq gətirib. M.Seyidov barəsində yayılan xəbərlərə münasibət bildirərək E.Abdullayevla tələbə yoldaşı olmaqdan başqa heç bir əlaqəsinin olmadığını vurğulayıb. Keçmiş prokurorun sözlərinə görə, Elşad Abdullayevlə heç bir ortaq işi olmayıb və hansısa tədbirlərdən başqa xüsusi olaraq görüşməyiblər.
O, Elşad Abdullayevdən pul alaraq Azərbaycan Beynəlxalq Universitetinin sənədlərinin qaydasına salınması, əmlakının özəlləşdirilməsi, həmçinin ABU-ya qeyri-qanuni qəbul və tələbələrin rüşvət müqabilində qiymət alması ilə bağlı prokurorluğa daxil olan şikayətləri həll etməsi kimi ittihamlara da aydınlıq gətirib:
“Mənim bildiyimə görə, universitet yarandığı dövrdə özəlləşdirmə məsələləri artıq həll edilmişdi. Rəsmi qaydaya araşdırmaq da mümkündür ki, mənim işlədiyim dövrdə ABU ilə bağlı Binəqədi rayon prokurorluğuna və Binəqədi Polis İdarəsinə heç bir şikayət daxil olmayıb. Belə olan halda mənim Elşad Abdullayevlə nə əlaqəm ola bilərdi? Mənim üçün dövlətimə xidmət hər şeydən öndə olub. Adımın rüşvətlə yanaşı çəkilməsi mənim üçün qəbuledilməzdir. 2006-cı ildən 2011-ci il iyulun 22-dək Binəqədinin prokuroru olmuşam. Ümumilikdə isə prokurorluq orqanlarında 31 illik fəaliyyətim zamanı dövlətin imicinin qorunması mənim üçün əsas olub. İndi hərə bir söz yazır. Bir müddət əvvəl yazmışdılar ki, biz tələbə yoldaşıyıq və ortaq biznesim var. Ay qardaş, mən prokuroram, mən qanunları bilən, qanunlardan qorxan adamam. Mən uşaq deyləm. Məni Heydər Əliyev prokuror təyin edib, özü də üç dəfə. Mənə göstərilən etimad və mənim işə olan məsuliyyətim başqa işlərlə məşğul olmağa heç vaxt imkan verməyib”.
İşdən çıxmasının səbəbinə də aydınlıq gətirən keçmiş prokuror bunun E.Abdullayevlə əlaqələndirilməsinin ədalətsizlik olduğunu vurğulayıb:
“Binəqədidən prokurorluq müddətim - 5 il başa çatdığına görə, çıxarıldım və və mən 3 ay Baş Prokurorluqda işlədim. Daha sonra cənab prezident İlham Əliyevin sərəncamı ilə Ağdaş rayonuna prokuror göndərildim. Orda işləyəndə Akif Əliyevin ölümü ilə bağlı cinayət işinin istintaqında yol verdiyim nöqsana görə Zakir Qaralovun əmri ilə vəzifədən azad edildim. Prokurorluq orqanlarından isə öz ərizəmlə çıxmışam. Bunun Elşad Abdullayevlə nə əlaqəsi? Bu cəfəngiyatdır”.