Onlara bir neçə günə oturacaqları təmir etdirib gətirəcəklərini desələr də hələ ki, heç bir tədbir görülməyib. Söhbət Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən Milli Qəhrəman Fərhad Hümmətovun adını daşıyan parkdan gedir. Hər gün gəlib parkda dincələn təqaüdçülərin indi oturmağa belə yerləri yoxdur. Onlar parka gələndə ancaq daşların üzərində oturmaqla yorğunluqlarını alırlar. Məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsələr də onların şikayətinə baxan olmayıb. Qəsəbə sakinləri bunu müəyyən səbəblərlə əlaqələndirirlər.
Şikayətçi Eldar Rəhimovun sözlərinə görə, “Bunu özləri belə edirlər ki, biz məcbur qalıb gedib parkdakı oturacaqlarda oturaq. Məcbur olub gedib otururuq. Orda da oturanda pul veririk”.
Şikayətçi Məhəmməd Quliyev deyir ki, “Oturmağa yer tapmırıq, gəlsinlər bizim oturacaqlarımızı qoysunlar”.
Binəqədi Rayon İcra Hakimiyyətindən bildirdilər ki, “Təmiz Binəqədi” layihəsi çərçivəsində bütün parklar yenidən qurulur. Ona görə sözügedən parkda da oturacaqlar götürülüb və onların həm görünüşü dəyişdiriləcək, həm də sayları artırılacaq. Oturacaqların yaxın vaxtlarda yenidən öz yerlərinə qoyulacağı bildirildi. Odur ki, qəsəbə sakinlərinə biraz da dözüb səbr etmək qalır.