Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkənin təhsil sistemində hökm sürən acınacaqlı vəziyyət barədə faktları açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, nazir rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədə Azərbaycanda hazırda 2 mindən çox adamın saxta diplomla müəllim işlədiyini deyib. Müsahibə Sapunovun bloqunda (http://sapunov.livejournal.com/) yerləşdirilib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycanda saxta diplomlu bir neçə min nəfər var: “Hazırda istintaq gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə biləcəklər. Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən respublikanın rayonlarında işləyirlər”.
Mikayıl Cabbarov bildirib ki, saxta diplomla müəllim işləyənləri adbaad tanıyırlar: “Bütün məlumatları Baş Prokurorluğa təqdim etmişik, saxta diplomları kimlərin satdığı barədə məlumatları da vermişik. Bu adamların arasında təhsil sistemində rəhbər vəzifə tutanlar da var”.
M.Cabbarov deyib ki, nazirlik saxta müəllimlərlə bağlı dilemma ilə üzləşib. Çünki diplomu saxta olan 2 mindən çox müəllimin eyni vaxtda işdən çıxarılması təhsildə ciddi problem yarada bilər, ona görə ki, onları əvəzləməyə adam yoxdur: “Axı onların çoxu kənd məktəblərində dərs keçir.
Nəhayət, bu adamların arasında dələduzluq qurbanı olanlar da az deyil. Onlar səmimi şəkildə inanıblar ki, tələbədirlər, dərsə gediblər, sessiyaları veriblər, onlar üçün xüsusi jurnallar, cədvəllər açılıb. Bundan əlavə bəziləri bizim test imtahanlarımıza qatılıblar və peşəkarlıqlarını sübut ediblər!
Yalnız araşdırma zamanı məlum olub ki, onların diplomlarını Təhsil Nazirliyi verməyib. Təhsil sistemində təmizləmə davam edəcək, ancaq bunu birdən etmək mümkün deyil”.
Xatırladaq ki, Azərbaycanda saxta diplomlu müəllimlər qalmaqalı hələ bir neçə il əvvəl yaranıb. Keçmiş təhsil naziri Misir Mərdanovun işdən azad edilməsindən sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu işlə bağlı araşdırma başladıb.
Araşdırma zamanı Azərbaycan Müəllimlər İnstitutunun və Gəncə Dövlət Universitetinin kütləvi şəkildə saxta diplomlar satdığı barədə faktlar üzə çıxıb. Mətbuat bu işlə bağlı istintaqda Misir Mərdanovun da adının bir neçə epizod üzrə keçdiyini yazmışdı.