Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov tərəfindən Xaçmaz rayonunda İcma Əsaslı Reabilitasiya Xidmətləri Mərkəzinin fəaliyyətinə baxış keçirilib. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirliyin sifarişi ilə fəaliyyət göstərən mərkəz Xaçmaz və ətraf rayonlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqların inkişaf pozuntularının aradan qaldırılması, onların öz həmyaşıdları ilə bərabər cəmiyyətə inteqrasiya etmələri və sosial bacarıqlarının inkişaf etdirilməsi istiqamətində icma əsaslı reabilitasiya xidmətləri göstərir.
Yüksək keyfiyyətli təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən hər bir uşaq üçün fərdi inkişaf planı tərtib olunur və uşaqların müvafiq reabilitasiya ehtiyaclarını ödəmək üçün funksional qiymətləndirmə, aktiv terapiya, oyun terapiyası kimi müasir metodlardan istifadə edilməklə, fərdi və qrup halında reabilitasiya məşğələləri aparılır.
Bu xidmətlər lazım gəldikdə onların evlərinə getməklə səyyar formada, həmçinin ailələrinə bu və ya digər formada dəstək verilməsi yolu ilə həyata keçirilir. 2010-cu ildə 220 nəfər, 2011-ci ildə 286 nəfər, 2012-ci ildə isə 351 nəfər sağlamlıq imkanları məhdud uşaq mərkəzin xidmətləri ilə təmin olunub.