Ötən gün Yardımlı-Hamarkənd-Abasabad yolunun açılış mərasimi keçirilib.
Vətəndaş Həmrəyliyi Patiyasının mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, açılış mərasimində icra başçısı Sevindik Hətəmovla bərabər, Yardımlının millət vəkili Sabir Rüstəmxanlı da iştirak edib.
S.Rüstəmxanlı 7 kəndi birləşdirən bu əhəmiyyətli yolun vacibliyindən, əhali üçün mühümlüyündən danışıb.
Deputat qeyd edib ki, Yardımlının bu kəndlərində insanlar uzun müddət yolsuzluq problemindən əziyyət çəkib və artıq yeni yolun çəkilişi bu çətinliyi arxada qoyub.
S.Rüstəmxanlı təklif edib ki, bu yeni yol Vərgədüz, Bürzümbül və Bilnə kəndlərindən keçməklə Lerikə qədər uzanarsa, əhalinin yolsuzluq probleminin aradan qalxmasında və bu dağ rayonunun sosial infrastrukturunda ciddi dönüş yaranar.
Təklif icra strukturu tərəfindən də dəstəklənib və layihənin davam etdirilməsi üçün müraciət edilməsi barədə məsləhətləşmələrə qərar verilib.
Xatırladaq ki, Prezident İlham Əliyev Yardımlıya səfəri zamanı Xalq şairi Sabir Rüstəmxanlının doğulduğu kəndə yol çəkilməsi barədə sərəncam vermişdi. Bu sərəncamdan sonra 7 kəndi birləşdirən Yardımlı-Hamarkənd-Abasabad yolunun inşası başlanılmışdı.