Dilqəm Əhmədov və Şahbaz Quliyev adlı iki kəlbəcərli Kəlbəcər rayonunda - işğal altındakı dədə-baba torpağında ermənilər tərəfindən əsir götürülüb. Onlarla yola çıxan bir cəbrayıllı isə öldürülüb. Üçüncü soydaşımızın kimliyi hələ dəqiqləşməyib.
Qeyd edək ki, hər iki kəlbəcərli 1998-ci ildən bəri yay aylarında gizli yollarla Kəlbəcərə gedib yurd yerlərindən videoçəkilişlər edirdilər.
Qayıdandan sonra həmin vedoçəkilişlər telekanallarda və youtube sosial şəbəkəsində yerləşdirilirdi. O çəkilişlərə heç şübhəsiz ermənilər də baxırdılar. Şübhəsiz, işğalçı ermənilər onları ələ keçirməkdə maraqlı idilər. Çox təəssüf ki, qorxu bilməz insanlar bu dəfə düşmən əlinə keçdilər. İyulun 10-da Ermənistan Şahbaz Quliyevin, iyulun 14-də isə Dilqəm Əhmədovun ələ keçdiyi barədə xəbər yaydı.
Ermənilər bu şəxsləri “kəşfiyyatçı”, “diversant” kimi təqdim edirlər. Hətta işğalçı ölkənin Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq guya həmin azərbaycanlı “diversantlar”ın Ermənistan ordusunun bir mayorunu və 37 yaşlı qadını öldürdüyünü bəyan ediblər. Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verərək Ermənistanın iddiasının əsassız olduğunu sübuta yetirib. Dilqəm Əhmədov və Şahbaz Quliyev Azərbaycan ordusunda xidmət etmir.
Keçmiş erməni kəşfiyyatçı Vova Vardanov da Kəlbəcərdə saxlanılan şəxslərin Azərbaycan diversiya qrupunun üzvü olmadığını deyib. Onun sözlərinə görə, Şahbaz Quliyevin Kəlbəcərə gəlməkdə məqsədi diversiya etmək olmayıb: “Onlar Kəlbəcərə elə-belə gəliblər. O yaşda adamlar kəşfiyyatçı ola bilməz. Mən özüm də məşq edirəm, amma qarşı tərəfə kəşfiyyata getməyə gücüm çatmaz. Yaş buna imkan vermir”.
Dünən isə ermənilər Dilqəm Əhmədovun və Şahbaz Quliyevin Kəlbəcərdə telefonla çəkdikləri görüntüləri internetdə yayıblar. Videoda iki nəfər görünür. Üçüncü şəxs isə çəkilişi həyata keçirir. Meşəlik ərazidə tonqal qalayıb kabab çəkirlər. Dilqəm Əhmədovun əlində dana budu var. Dilqəm Əhmədov deyir ki, hazırda iyun ayıdır. Bu da o deməkdir ki, onlar iyun ayından Kəlbəcər ərazisindəymişlər. D.Əhmədov ac olduqları üçün ermənilərin danasını kəsdiklərini deyib əlindəki budu və manqal üstündəki kababları göstərir. Daha sonra deyir ki, gələrkən yolda çox gərgin vəziyyətlə üzləşiblər: “Qonağımız var idi. O da xəstələndi, qarnı ağrıyırdı. Ac idik. Gələndə gördük yolun qırağında bir dana var. Tutub kəsdik. Əlimdəki bud və şişlərdəki ət həmin dananındır. İndi burada dana kababı, İstisu. Yavaş-yavaş yeyib içirik. Bəzi hərbçilər bu ərazilərə gəlməkdən qorxur. Qorxmayın, gəlin. Bağlarda meyvə, heyvan, ət, ürəyiniz nə istəyirsə burada var”.
D.Əhmədovun dediyindən belə məlum olur ki, onunla birlikdə Şahbaz Quliyevdən başqa da bir nəfər var: “İndi mən anadan olduğum kənddəyəm. Kəndimizdə qonağımız var. İndi onu öyrədirik ki, bura gəlib-gedə bilsin. Dana da oğurlaya bilsin. İndi bu cəbrayıllı qardaşı öyrədirik, qoy öyrənsin”.
Videodan da göründüyü kimi, “diversant” kimi təqdim edilənlər mülki vətəndaşlardır. Diversiya əməliyyatına gedən şəxslərin düşmənin içində ocaq qalaması və kabab çəkməsini təsəvvür etmək mümkün deyil. Aznews.az isə Dilqəm Əhmədovun 2007-ci ildə Kəlbəcərdə çəkdiyi videogörüntüləri təqdim edib. Görüntülərdə Əhmədovun səsləndirdiyi fikirlərə qulaq asanda açıq-aşkar hiss olunur ki, o, nə “xüsusi terrorçu”dur, nə də erməni mətbuatının yazdığı kimi, təxribatçı. O, son 7-8 ildə doğulduğu Kəlbəcər rayonuna dəfələrlə gedib, doğma kəndini, obasını ziyarət edərək, gördüklərini doğmaları ilə bölüşmək üçün lentə köçürürmüş. Videodan da göründüyü kimi, o, çox vətənpərvər adamdır, yurd həsrətini ürək ağrısı ilə qeyd edir, çəkiliş vaxtı hətta ağladığı da açıq-aşkar hiss edilir.
* * *
Kəlbəcərdə ermənilər tərəfindən iki kəlbəcərlinin girov götürülməsi, bir cəbrayıllının isə öldürülməsi cəmiyyətdə də ciddi ajiotaj yaradıb. Yalnız erməni tərəfinin informasiya maraqları ilə dövriyyəyə buraxdığı məlumatlar Azərbaycanda ciddi narahatlıqla müşahidə olunur. Öz sıralarında 70 mindən artıq döyüşçünü birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) bununla bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, kəlbəcərlilərin Kəlbəcərdə əsir alınması bütövlükdə millətimizə həqarətdir: “Dövlətimizi bu məsələni dünyaya çatdırmalıdır. Bizim işimiz isə tamam başqadır. Dilqəm Əhmədov kimi oğulun erməni girovluğunda saxlanılması yolverilməzdir. Hesab edirik ki, Dilqəm də, digər yoldaşları da məhz Vətən sevgisindən bu taleyi yaşamalı oldular. Atəşkəs dövrünün qəhrəmanları sırasına bu şəxslər də öz adlarını yazdılar. Ramil Səfərov, Mübariz İbrahimov kimi qəhrəmanların adları ilə onların adları qoşa çəkiləcək. Biz onlarla fəxr edirik. Döyüşçülər onların azad olunması üçün mümkün olan və olmayan bütün vasitələrdən istifadə etməyə hazırdırlar”.
Kəlbəcərin sabiq deputatı Əlövsət Ağalarov “Yeni Müsavat”a açıqlamasında hadisəyə münasibət bildirib: “Mən Dilqəm Əhmədovu şəxsən tanıyırdım. Onlar hərbçi, diversant, kəşfiyyatçı deyildilər. Onlar indiyə qədər dəfələrlə Kəlbəcərə gedib ata-babalarının məzarını ziyarət edib qayıdıblar. Çox cəsur oğlanlardır ki, heç bir təqibdən, ölümdən qorxmadan, ölümü gözlərinin qarşısına alıb işğal altındakı torpaqlarımıza gedirdilər, ata-babalarının məzarını ziyarət edirdilər.
Orada olduqları zamanlarda isə videoçəkiliş aparırdılar ki, sahibsiz qalmış yurdlarımızı bizlərə göstərsinlər. Onlar sadə Azərbaycan vətəndaşıdırlar və BMT-nin, dünyanın Azərbaycan ərazisi olaraq rəsmən tanıdığı tarixi torpaqlarımıza gediblər. Onlar öz rayonlarına gediblər. Ona görə də heç bir qanunsuzluğa, başqa bir dövləti sərhədini pozmaq kimi hərəkətə yol verməyiblər.
Azərbaycan dövləti məsələni bu şəkildə qoyub ciddi şəkildə hərəkətə keçməlidir. Dilqəmə və Şahbaza işgəncə verib onları Azərbaycan əleyhinə danışdıra bilərlər. Ona görə də Azərbaycan hökuməti təcili olaraq müvafiq beynəlxalq qurumların əsirlikdə olan Dilqəm Əhmədovu və Şahbaz Quliyevi nəzarətə götürməsinə nail olmalıdır. Ali Baş Komandanımıza yalvarıram, rica edirəm Kəlbəcərdə mənfur ermənilərin ələ keçirdiyi o cəsur oğlanlarımızı darda qoymayın, dünyaya sübut edin ki, onlar sahibsiz deyillər. Dilqəm Əhmədovu öz ata yurduna getdiyi üçün murdar ermənilər dünya miqyaslı terrorçunu yaxalamış şəkildə videoya çəkib nümayiş etdirirlər. O görüntülərə baxanda adamın qanı damarlarında donur. Ermənilər o səhnəni qurmaqla Dilqəmin timsalında hər bir Azərbaycan vətəndaşına meydan oxuduqlarını göstərmək istəyirlər. Artıq bu qədər yetər. Azərbaycan dövləti hərəkətə keçməlidir. Artıq Qarabağın azad olunması uğrunda böyük miqyaslı antiterror əməliyyatlarına başlamağın zamanıdır. Azərbaycanın əlinə müqəddəs savaşa başlamaq üçün böyük fürsət düşüb.
Azərbaycanın dünya tərəfindən tanınan tarixi torpaqlarını ziyarət edən dinc Azərbaycan vətəndaşını terrorçu kimi əsir götürürlər. Azərbaycan öz vətəndaşlarını azad etmək üçün əməliyyatlara başlamalıdır. İnanın ki, bizim əlimizə bu cür fürsət düşməyəcək. Ali Baş Komandanda yalvarıram, rica edirəm torpaqlarımızın və əsir vətəndaşlarımızın azad olunması üçün antiterror əməliyyatlarına başlamaq əmri versin. Dilqəm kimi cəsur oğlanlarımız çoxdur. Biz torpaqlarımızı tezliklə azad etmək gücündəyik. Qandan-qadadan qorxmaq lazım deyil. Mənim qardaşım başda olmaqla, 13 nəfər yaxın qohumum şəhid olub. Mən də oğlumla və yaxın qohumlarımla birlikdə hərbi əməliyyatlarda öndə getməyə hazıram. Buna and içirəm. Torpağımızın azadlığı uğrunda müharibədə öndə getməsəm, bu torpağın verdiyi çörək, su haramımız olsun”.
“Azərbaycan Kəlbəcərdə əsir götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevin azad edilməsi üçün lazımi addımlar atır. Hər iki mülki vətəndaşımız erməni əsirlərlə dəyişdiriləcək”. Bu sözləri isə deputat Asim Mollazadə Dilqəm Əhmədov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsi məsələsi ilə bağlı axar.az-a açıqlama verərkən bildirib. Deputatın sözlərinə görə, Qırmızı Xaç vasitəsilə əsirlərimizlə əlaqə saxlanılacaq: “Əsirlərin durumunu nəzarət altında saxlamaq və işgəncəyə məruz qalmamaları üçün nə lazımdırsa ediləcək. Təbii ki, onların azad edilməsi üçün də işlər görüləcək və görülür də”.
Deputat əsir götürülən D.Əhmədovun erməni xüsusi təyinatlıları tərəfindən Rusiyada Orxan Zeynalov kimi tutulması və onunla “xüsusi terrorçu” kimi rəftar edilməsindən də danışıb. Onun sözlərinə görə, əsir düşən vətəndaşlara qarşı ermənilərdən normal rəftar gözləmək sadəlövhlük olardı: “İki ölkə arasında illərdir müharibə gedir. Onlar dəfələrlə dinc vətəndaşlarımıza qarşı bu cür qəddarlıq ediblər. İndi əsir düşən vətəndaşlara qarşı onlardan normal rəftar gözləmək sadəlövhlük olar. Onlar bu hərəkətləri ilə insanlığa qarşı necə qəddar olduqlarını göstərirlər və bunu çəkib göstərməklə, əslində mahiyyətlərini, hansı prinsiplə yaşadıqlarını dünyaya bəyan etmiş olurlar. Onlar özləri-özlərini ifşa edir”.
A.Mollazadə əlavə etdi ki, Ermənistanda əsir olan iki azərbaycanlının hüquqları kobud şəkildə pozulur: “Əsirlərlə davranma qaydaları ilə bağlı xüsusi konvensiya var ki, onlar buna əməl etmir. Yayılan videogörüntülərdən də bunu görmək mümkündür”.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi mediada saxlanılması ilə əlaqədar məlumat yayılan şəxslərlə bağlı fəaliyyətə başlayıb. Onun sözlərinə görə, BQXK-nın öz mandatına uyğun olaraq, tərəflərlə dialoqu davam edir:
“Ümumiyyətlə, BQXK neytral vasitəçi roluna uyğun olaraq, Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan hərbi əsirlərə və mülki şəxslərə baş çəkir. Onların saxlanma şəraiti ilə maraqlanır və ailə əlaqələrini bərpa etməkdə yardımçı olur”.
Girov götürülən şəxslərin durumuna gəlincə, İ. Hüseynova qeyd edir ki, BQXK saxlanılan şəxslərlə görüşdən sonra onların vəziyyəti ilə bağlı açıqlama yaymır: “Saxlanılan şəxslərin geri qaytarılmasının həyata keçirilməsi üçün isə tərəflər razılığa gəlməlidir”.
Ermənistan Müdafiə Nazirliyi isə Kəlbəcərdə tutulan iki azərbaycanlı mülki şəxslə hərbi əsir kimi davranmayacaqlarını elan edib. Nazirlik bu şəxslərin “hərbi əsirlər kateqoriyasına daxil olmadıqlarını, bu səbəbdən əsirlər barədə beynəlxalq konvensiyanın prinsiplərinin onlara şamil edilməyəcəyini” bildirib.