"ANS Press"in təqdim etdiyi kadrlarda Dilqəm Əsgərov dəfələrlə işğal altındakı Kəlbəcər rayonunda olduğu görünür. Kadrlardan görünür ki, ermənilər işğal etdikləri torpaqlarda qəbirlərimizi dağıdıb, tanınmaz hala salıblar. Kəndlərdə isə yaşayış demək olar ki, yoxdur. 2007-ci ilin iyun ayında çəkildiyi ehtimal olunan videokadrlarda Dilqəm Əsgərovun niyyətinin doğulduğu, uşaqlıq illərini keçirdiyi torpaqları seyr etmək, valideynlərinin qəbirlərini ziyarət etmək olduğunu görməmək mümkün deyil. Bomboş qalan torpaqlarımıza baxan Dilqəm tez-tez köks ötürür və bütün azərbaycanlıları doğma yurd-yuvalarına qayıtmağa çağırır.
Videokadrları izlədiyini deyən millət vəkili Zahid Oruc bildirib ki, son günlər ermənilər tərəfindən saxlanılan şəxslər öz torpaqlarına, doğulduğu yurd-yuvalarına gediblər. Onları çəkib aparan məhz vətən, torpaq sevgisidir. Onların hər hansı bir şəkildə ermənilər kimi şəbəkələşmiş terror fəaliyyəti olmayıb. Heç erməni mətbuatında da onların dinc sakinlərə qarşı cinayət törətdiyi barədə məlumatlar yoxdur.
"Ermənistan mediasında xəbər yayılıb ki, Azərbaycanın böyük bir diversiya qrupuna qarşı əməliyyat keçirilib. Onlar elə hesab edirlər ki, azərbaycanlıların belə bir obrazını yaratmaqla, hər cür təhlükənin Azərbaycandan qaynaqlandığını dünyaya təqdim etməklə ölkəmiz əleyhinə hansısa beynəlxalq ictimai fikir formalaşdırırlar. Bu vasitə ilə də Azərbaycanın diplomatik uğurlarına zərbə endirməyə çalışırlar. İkinci tərəfdən isə Ermənistan hökuməti öz cəmiyyətinə “qəhrəman” erməni kəşfiyyatçılarının, güc strukturlarının gücünü təqdim etmək istəyir. Guya onlar təpədən dırnağa silahlanmış, ermənilərə qarşı kütləvi qətllər törədə biləcək şəxsləri zərərsizləşdiriblər. Halbuki onların KİV-ə təqdim etdiyi videoçarxlardan da aydın görmək olur ki, bu fikirlər tamamilə yanlışdır. Yayımlanan videoçarxlar ermənilərin özlərini ifşa edir. Çünki adı çəkilən şəxslər Azərbaycanın ərazisinə - öz torpaqlarına, doğulduqları yurd-yuvalarına gediblər. Onları çəkib aparan məhz bu qüvvədir. Həmvətənlərimizi o torpaqlara çağırmaqla da əsas məqsədlərini açıq deyirlər. Onların məqsədi kimlərəsə zərbə endirmək deyil. Ermənilərin mənfur sifətini təqdim etməkdən daha çox, öz ərazilərimizə qayıdışı tələb etməkdir. Öz evinə, yurduna, bulağının başına, uşaqlığını keçiridiyi yerlərə gedən vətəndaş cinayətkar ola bilməz. Bu elə ATƏT-in Minsk Qrupu üçün də bir siqnaldır ki, insanlar artıq könüllü qərar verirlər, qurumun fəaliyyəti isə sıfıra bərabərdir. Bizim yeganə çıxış yolumuz hər gün yuxuda gördüyümüz ərazilərə bu vasitə ilə qayıtmaqdır. Partizan hərəkatı ilə olsa da”, - deyə Zahid Oruc bildirib.
Millət vəkili qeyd edib ki, həmin şəxslərin Azərbaycana qaytarılması üçün dövlətimizin müvafiq qurumları daha hüquqi dəlillərlə çıxış edəcək.