“Yenimeydan.info” xəbər verir ki, bu barədə “Yeni Müsavat”a mötəbər mənbələrdən məlumat daxil olub.
Mənbə deyir ki, oliqarxın çökdürülməsi prosesinə Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyev rəhbərlik edir və bütün ssenariləri də özü cızır: “Birinci mərhələdə Hafiz Məmmədova məxsus olan “Bank of Azerbaijan” ASC onun əlindən alındı. Bankın əsas səhmdarları Hafiz Məmmədovun oğlanları idi: Məmmədov Kənan Hafiz oğlu - 21 817 500 AZN (43,63%) Məmmədov Sənan Hafiz oğlu - 21 817 500 AZN (43,63%) Məmmədov Mübariz Məcid oğlu - 6 030 000 AZN(12,07%), NEM Holdinq - 335 000 AZN(0,67%).
Bankın Müşahidə Şurasının sədri isə H.Məmmədovun özü idi. Bir qədər öncə səhmdarların ümumi yığıncağında Hafiz Məmmədov vəzifəsindən kənarlaşdırıldı və bank Cahangir Hacıyevin idarəçiliyinə keçdi”.
İkinci mərhələdə “Hafka”nın sahibi olduğu “Bakı” futbol klubu əlindən alındı. İyunun 28-də “Bakı” futbol klubu rəhbərliyinin fövqəladə toplantısı keçirilib. İclasda klubun səhmlərinin yenidən bölüşdürülməsi məsələsi əsas müzakirə mövzusu olub. “Bakı” klubundakı mənbələrdən virtualaz.org saytına məlum olub ki, klubun “Hafka”dan alınması prosesi bu iclasda əsasən yekunlaşıb. Nəticədə klubun səhmlərinin 90-95 faizi Ziya Məmmədovun oğlu Anar Məmmədovla Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin nəzarətinə keçib.
Məlumatlara görə, C.Hacıyev “Hafka”nın ona olan borcunun bir hissəsini belə bağlayıb. Belə ki, H.Məmmədovun Beynəlxalq Banka yüz milyonlarla dollar kredit borcu olduğu və oliqarxın bu borcu qaytarmaq iqtidarında olmadığı bildirilir.
“Bakı” klubu ətrafında baş verənlər bununla da bitmir. Virtualaz.org saytına o da məlum olmuşdu ki, “Hafka” müqavilə bağladığı futbolçuların adına onların sənədlərindən istifadə etməklə müxtəlif banklardan kredtilər götürüb. Futbolçuların isə bundan xəbəri olmayıb. “Hafka”nın bank rəhbərləri ilə qurduğu bu tələ də indi üzə çıxır. Kredit verən banklar “Hafka”nın maddi vəziyyətinin pisləşdiyini bilən kimi adlarına “Hafka” tərəfindən kredit götürülmüş futbolçulara çağırış göndərib.
Mənbə iddia edir ki, indi C.Hacıyevin yaxın hədəfi H.Məmmədovun sahib olduğu İngiltərənin ikinci liqada oynayan “Şeffild Vednesdi” klubunu və Fransanın “Lans” klubunu ələ keçirməkdir. H.Məmmədovu çökdürməyə qərarlı olan C.Hacıyev onu elə bir dalana salıb ki, H.Məmmədov ötən il aldığı Fransa klubu “Lans”a vəd etdiyi 10 milyon avronu köçürə bilməyib və nəticədə klubun yüksək liqada oynamasına icazə verilməyib.
İndi H.Məmmədova təzyiq edilir ki, bu klubları da borclarının qarşılığında C.Hacıyevə satsın. H.Məmmədovun ölkədən qaçarkən hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılması və geri qaytarılması barədə dezinformasiyalar da oliqarxa qarşı psixoloji basqıdır. Yəni könüllü təslim olmayacağı təqdirdə həbs ediləcəyi mesajını verirlər. Məsələ bununla da bitmir. Onun sahib olduğu “Baghlan Group” şirkətlər qrupunu da çökdürmək istəyirlər və bunun reallaşmasına çox az qalıb.
H.Məmmədovun nəqliyyat sektorundakı işlərinin də yaxşı getmədiyi barədə məlumatlar var. Bir neçə ay əvvəl beynəlxalq reytinq agentlikləri H.Məmmədovun “Baghlan Group” şirkətlər qrupunun texniki defolt vəziyyətində olduğunu elan edərək ona reytinq verməyi dayandırıb. Nəticədə holdinqin maliyyə böhranından çıxa bilmək üçün xarici banklardan kredit cəlb etmək imkanı əldən çıxıb.
Beləliklə, H.Məmmədovun Avropada aldığı futbol klublarını ələ keçirmək və sahib olduğu holdinqi çökdürmək ssenarisi sürətlə yekunlaşmaq üzrədir. Bir sözlə, yaxın illərin ən qüdrətli oliqarxlarından olan “Hafka”nın sözün bütün mənalarında müflis ediləcəyi gözlənilir.
Böyük ehtimalla “Hafka”nın qüdrətli ortaqları ilə münasibətləri artıq əvvəlki kimi deyil və nəqliyyat nazirinin ailə biznes imperiyası onunla ortaqlıqdan çəkilir. İkincisi, H.Məmmədov biznesinin ən gəlirli sahəsindən - neft daşımaları biznesindəki kvotasından məhrum olub. Çünki H.Məmmədovun sürətlə milyarderə çevrilməsi məhz neft daşımalarındakı payı sayəsində mümkün olmuşdu və o, həmin biznesdən əldə etdiyi gəlirləri biznesin digər sahələrinə yönəldərək sərvətini artırırdı.
Bu, təbii ki, həm də siyasi qərardır. H.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qruplaşmasına daxildir (bu günlərdə mediaya açıqlama verən H.Məmmədov Ziya Məmmədovu özünün “atası”, “böyük qardaşı” adlandırmışdı). Hazırda Z.Məmmədovun qruplaşmasının vurulması prosesi gedir, səlahiyyətləri əlindən alınır və nəqliyyat nazirinin təsir dairəsi qapadılır. Qruplaşmaya daxil olan əsas simalardan birinin – Hafiz Məmmədovun biznesinin əlindən alınmasına bu rakursdan baxmaq lazımdır.
Şərh Yaz
bject height="90" width="620">