Sərəncamda deyilir ki, Ağstafa rayonunda son illərdə tarixi abidələrin bərpası və qorunması, yeni mədəniyyət obyektlərinin tikintisi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, o cümlədən Keşikçidağ Dövlət tarixi mədəniyyət qoruğu yaradılıb, Gənclər Mərkəzi, Kitab Abidə Kompleksi, Yazıçılar evi inşa edilmiş, Səməd Vurğun, Tarixi və müasir abidələr parkları salınıb.
Sərəncamlda bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, 1940-cı ildə şəhər 1 saylı məktəbin yardımçı binası kimi inşa edilmiş tikilidə fəaliyyət göstərən 200 şagird yerlik Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və 1950-ci ildə istifadəyə verilmiş 250 tamaşaçı yerlik rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə qərara alınıb ki, Ağstafa şəhərində Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.