Gecə 22:26 radələrində şimal-qərb bölgəsində, əsasən də Zaqatala rayonunda zəlzələ baş verib. Axşam saatlarında baş verən zəlzələ əhalini qorxuya salıb. Şəhərdə hər kəs küçələrə axın edib. Zəlzələ xüsusilə hündür mərtəbəli yaşayış binalarında hiss olunub. Şəhərin beşmərtəbələr adlanan yaşayış massivində sakinlər evlərini boşaldıb. Əhalini təşvişə salan yeraltı təkanlar Qaxda da hiss olunub.
Gecə saatlarında şimal-qərb bölgəsində yeraltı təkanların olması sakinləri təşvişə salıb. Zaqatala və Qaxda əhali gecəni küçələrdə keçirib.Zəlzələ saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb. 12 km dərinlikdə baş vermiş zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6 bala qədər hiss olunub.
Göyəm kəndində bir evin divarı uçub. Bəzi binalarda isə ötən zəlzələ zamanı əmələ gəlmiş xırda çatlar genişlənib. Bəzi ailələr həyətlərdə çadırlar qurublar. Zaqatala fövqəladə hallar komissiyasının sədri Elman Ramazanovun sözlərinə görə, Komissiya üzvləri ərazilərə baxış keçiriblər. Qısa müddətlik mobil rabitə problemi olsa da, hazırda bu problem aradan qalxıb. Rayona qaz, işıq və su verilişində heç bir fasilə əmələ gəlməyib. Xəstəxanaya zəlzələ nəticəsində xəsarət alan şəxs müraciət etməyib. Yalnız 5 nəfər stres keçirməsi ilə bağlı müraciət edərək, ilkin tibbi yardım alıb.
Əhalini təşvişə salan yeraltı təkanlar Qaxda da hiss olunub. Çoxmərtəbəli bina sakinləri evlərindən çıxıblar. Burada da təzyiq, həyəcan, stress keçirmə və qorxma ilə əlaqədar təcili yardıma 2 çağırış daxil olub. Təşvişə düşən sakinlərə ilkin yardımlar göstərilib.
Qax rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, zəlzələ nəticəsində dağıntı və tələfat olması barədə məlumat yoxdur. Yalnız episentrə yaxın ərazidə yerləşən Güllük kəndində ötən zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məlumatlar var.