Belqrad Şəhər Mədəniyyət Mərkəzinin, burada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və ölkəmizin Serbiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Rasimə Babayeva Belqradda keçirilən orqan günləri 14-cü Beynəlxalq festivalında iştirak etmişdir.
Serbiyaya səfəri çərçivəsində Belqrad Universiteti İncəsənət Akademiyasının tələbələrinə ustad dərsləri keçmiş R.Babayevanın Müqəddəs Məryəm Katedral Kilsəsində möhtəşəm konserti olmuşdur. Konsertdə dünya bəstəkarları ilə yanaşı, Belqradda ilk dəfə olaraq görkəmli Azərbaycan bəstəkarları Nazim Əliverdibəyov, Vasif Adıgözəlov, Qara Qarayev, Vaqif Mustafazadə və Xəyyam Mirzəzadənin əsərləri ifa edilmişdir. R.Babayevanın ifası yerli və xarici tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Tədbir Serbiya KİV-lərində geniş işıqlandırılmışdır.
Azərbaycan dövləti tərəfindən əsaslı təmir və bərpa olunmuş “Taşmaydan” parkını ziyarət edən R.Babayeva, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və səfirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin, eləcə də görkəmli serb yazıçısı Milorad Paviçin abidələrinin və Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsinin önünə tər çiçəklər qoymuşlar.