Övladları bağçaya gedən valideynlərin dediyinə görə, bir neçə gün ərzində bir neçə uşağın bu xəstəliyə yoluxması adi hala çevrilib.
Adətən bu xəstəliyə insanlar körpə yaşlarından yoluxurlar. Həkimlərin rəyinə görə, daha erkən yaşlardan su çiçəyi, qızılca kimi xəstəliklərə yoluxanda, bunun sağalması daha asan olur. Amma yetkin insanlar bu xəstəlikdən çətinliklə qurtula bilirlər. Bu da immunitetin güclü və zəif olmasından asılıdır.
Bəs bu virusa yoluxanlar ilkin tibbi müdaxilə olaraq nə tədbir görməli, xəstəliyin ağırlaşmaması üçün nə etməlidirlər?
Tibb elmlər doktoru, professor Adil Qeybulla musavat.com-a bu mövzuda açıqlama verib. A.Qeybulla bu virusa yoluxan insanların necə müalicə almalı olduqları barədə maraqlı və lazımlı tövsiyələr verib: “Su çiçəyi xüsusi seçilən virusdur. Bu xəstəlik hava, damcı yolu ilə də yoluxur. Yəni su çiçəyi olan xəstə başqaları ilə təmasda olduqda, onları yoluxdura bilər. Su çiçəyi xəstəliyinə tutulmuş insanlar izoliyasiya olunmalı, yataq rejiminə keçməli və müvafiq müalicə almalıdırlar. Bu müalicədə də daha çox orqanizmin müqavimətini artıran dərmanlardan, vitaminlərdən istifadə olunur. Su çiçəyi xəstəliyi zamanı dəridə yaranmış suluqları qopartmaq olmaz, bu zaman izi qala bilər. Bu suluqları qurutmaq üçün ancaq tinsel violet yaxud da brilliant yaşılı, yəni bizim “zelyonka” adlandırdığımız antiseptiklərdən istifadə olunur. Su çiçəyi üçün xüsusi vaksin-peyvənd var. Bu vaksin profilaktika üçündür. Bu vaksinlərin Hindistan istehsalı, bir də İngiltərə istehsalı olanı var. Əlbəttə ki, Avropa istehsalı olan dərmanlar, vaksinlər daha keyfiyyətli olur. Yəni bu dərmanlar ən müasir üsulla əldə olunur. Hindistan istehsalı olan vaksinlərin keyfiyyət parametrlərinə zəmanət verilə bilməz. Xəstəlikdən qorunmaq məqsədi ilə vaksinasiya məqsədə uyğundur”.
Professor su çiçəyi xəstəliyinin müddətindən də danışdı: “Bu xəstəliyin öz müddəti var. Xəstəliyin ilkin əlamətləri 3-4 günə, 1 həftəyə özünü büruzə verir. Sonra qırmızı ləkələr getdikcə artmağa başlayır. Dəridə qızartılar başlayır və su çiçəyinin əsas quruluşu ortaya çıxar. Suluqlar əmələ gəlir. Vaxtında nəzarət olunmasa, xəstəlik ağırlaşa bilər. Əgər rejimə riayət edilsə, xəstəlik təxminən bir ay müddətinə sağalır”.