İmtahan respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.
Bu imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2014-cü ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak edəcəklər.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
“İmtahana buraxılış vərəqəsi”ni; şəxsiyyəti təsdiq edən sənədin əslini:
-16 yaşı 2014-cü il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda ümumilikdə (IX və XI siniflər üzrə) 5 min 406 şagirdin iştirakı gözlənilir.
İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11.00-da başlanacaqdır.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.