O. Əsədov deyib ki, Azərbaycan ATƏT-in Avropa məkanında təhlükəsizliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirir: “Hesab edirik ki, təşkilatın növbəti sessiyasının Bakıda keçirilməsi məhz Assambleya ilə münasibətlərimizin daha da dərinləşdirilməsi niyyətindən xəbər verir”.
Sədr sessiyada müzakirə olunacaq məsələlərdən söz açaraq, Azərbaycanın ölkələrin ərazi bütövlüyü prinsipinə sadiq qaldığını bir daha vurğulayıb. O bildirib ki, bu məsələdə ATƏT məkanındakı bütün ölkələrə eyni münasibət olduqca önəmlidir.
Sədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı danışaraq, bu məsələnin həllində ATƏT-in səylərinin artırılmasının regionda sülh və sabitlik baxımından əhəmiyyətindən danışıb. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə qurumun Parlament Assambleyası bu məsələni ayrıca müzakirə edəcək: “Biz ATƏT-i güclü və ədalətli görmək istəyirik. Bunun üçün təşkilatın təsir mexanizmləri barədə düşünmək zamanın tələbidir”.
Qəbulda ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro Respublikası Parlamentinin sədri Ranko Krivokapiç ATƏT PA-nın 23-cü sessiyasına hazırlıq işlərini yüksək dəyərləndirərək, öz adından və qurumun katibliyi adından Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Sessiyada müzakirə olunacaq məsələlərdən söz açan Ranko Krivokapiç ölkələrin ərazi bütövlüyü məsələsinin bu gün ATƏT məkanında mühüm məsələ olduğunu qeyd edib. O, qurumun növbəti sessiyalarından birində Dağlıq Qarabağ problemi ilə əlaqədar xüsusi dinləmələrin keçirilməsinin günün tələbi olduğunu söyləyib.