Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda məzunlar bu gün and içəcəklər.
Həmin məzun andını təqdim edirik:
Mən bu gün Azərbaycan Respublikasının ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin bitirərkən şanlı ənənələrə malik bu elm məbədgahında hörmətli rektor, dəyərli professorlar və müəllimlər və əziz tələbə yoldaşlarım qarşısında təntənəli sürətdə
AND İÇİRƏM:
Azərbaycan elminə, maarifinə və mədəniyyətinə çıraq tutan, “Şərqlə qərbin qovuşuğunda yaranan”, xalqımızın şöhrətlənməsində, tərəqqisində, dünya elminin və təhsilinin inkişafında əhəmiyyətli rol oynayan Bakı Dövlət Universitetinin şərəfini hər zaman uca tutacağam!
Universitetdə qazandığım bilikləri yalnız xalqımın tərəqqisinə, xoşbəxt gələcəyinə, gənc nəslin humanist ideyalarına zənginləşməsinə və elmi tərbiyəsinə sərf edəcəyəm!
Azərbaycan ziyalısına xas olan bütün nəcib keyfiyyətləri müdafiə edəcək, elmimizin inkişaf etdirilməsi, onun dünya elminə inteqrasiyası, dünyanın qabaqcıl elm mərkəzləri ilə daha sıx əlaqələr uğrunda calışacağam.
Azərbaycanlı olmağı ilə hər zaman fəxr edən ləyaqətli vətəndaş və ölkəmizin bugünki iqtisadi inkişaf dinamikasına layiq yetkin mütəxəssis olacağam.
Qeyd edək ki, bu il BDU-nun 17 fakültəsini 4000-dək məzun bitirir. Onlardan təxminən 500 nəfəri fərqlənmə diplomuna layiq görülüb.