Azərbaycan Mərkəzi Bankı (AMB) milli ödəniş sisteminin inkişaf strategiyasını hazırlayır. Bunu Trend-ə AMB-nin baş direktoru Rəşad Orucov deyib.
R.Orucov qeyd edib: "Biz bu strategiyanın layihəsini hazırlamışıq və razılaşdırılması üçün müvafiq strukturlara təqdim etmişik".
Onun sözlərinə görə, sənəd ölkədə nağdsız hesablaşmaların inkişaf perspektivlərini əks etdirir: "Azərbaycanda bu sahədə kifayət qədər geniş infrastruktur yaradılıb. Strategiya, həmçinin sahənin əlavə stimullaşdırılması üzrə gələcək tədbirləri əhatə edir".
Ölkənin bank bazarındakı mənbə Trend-ə bildirib ki, pensiya, təqaüd, müavinət və ödənişlərin həyata keçirildiyi bütün sosial kartların gələcəkdə bu sistemə keçirilməsi istisna edilmir. Mənbənin sözlərinə görə, bu addım hazırda Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin platformalarında buraxılan kartların emissiyası və xidmət göstərilməsi üzrə xərcləri azaldacaq.