Bu fakt Londonda keçirilən, “Kaspersky Lab” və “Citizen Lab” tərəfindən təşkil edilən “Going Underground” konfransında elan edilib.
Konfransda “Kaspersky Lab”dan antivirus eksperti Sergey Qolovanov bildirib ki, yeni kompüter troyan-virusları hakerlərə gizli fotoçəkiliş və audioyazı aparmağa, telefon kitabçasını, SMS-ləri oxumağa, praktiki olaraq iPhone və iPad-lardan bütün məlumatları oğurlamağa imkan verir.
Yeni kompüter virusu “HackerTeam” adlı italyan haker komandası tərəfindən “Galileo” casus proqramının bazasında işlənib hazırlanıb. Virus iPhone və iPad-ları izləməklə yanaşı, android platformasına malik bütün elektron qurğuları izləməyə, smartfonları sahibinin xəbəri olmadan Wi-Fi vasitəsilə internetə qoşub məlumatları uzaq məsafədəki serverlərə ötürməyə imkan verir.
Virus Blackberry və Microsoft proqramlarına da müdaxilə edir.
Ekspertlər “Galileo” casus proqramının 40-dan çox ölkədə 320 serverini aşkar ediblər. Bu ölkələr arasında Qazaxıstan, Özbəkistan və Azərbaycan da yer alır.
Sergey Qolovanovun bildirdiyinə görə, Rusiyada beş “Galileo” serveri var. Hazırda bu virusun dünyada 2-5 min arasında elektron qurğuya yoluxduğu təxmin edilir.
“Citizen Lab”dan analitik Morqan Marki-Bur isə bildirib ki, virus hakerlər tərəfindən dövlətlərin maraqları naminə, o cümlədən xüsusi xidmət orqanlarının jurnalistləri və siyasi fəalları izləməsi üçün istifadə olunur.
“Jurnalistlər təəccüblü də olsa tez-tez izləmə obyektinə çevrilirlər. Hər 25 xəbər təşkilatından 21-i dövlətin izləmə proqramlarının hədəfidir”, - deyə Morqan Marki-Bur bildirib.
Konfransda bildirilib ki, bu casus proqramının serverlərinin xüsusi xidmət orqanlarının nəzarətində olduğu təxmin edilir.